Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli
fərmanına əsasən yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi
tərəfindən "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin
tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin
keçirilməsi davam etdirilir.
Bu barədə XəzərXəbər-ə Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib. Dövlət
orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı Mərkəzə daxil olan
məlumatlar ilkin olaraq Analitik Monitorinq Sistemi vasitəsilə təhlil
edilir və əsas yarandığı halda Mərkəzin Səyyar monitorinq qrupu
tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir.
Bir illik fəaliyyət dövründə keçirilmiş 58 monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 105 hüquqi və fiziki şəxsi əhatə edib.
Monitorinqlər
zamanı yoxlanılmış işçilərdən 723 şəxsin əmək və ya xidməti (mülki)
müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb
edildiyi aşkarlanıb.
Monitorinqlər nəticəsində aşkar olunmuş
faktlar üzrə müvafiq tədbirlərin görülməsi məqsədilə 27 hüquqi və fiziki
şəxsə aid məlumatlar aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 24 hüquqi və fiziki şəxsə aid məlumatlar isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.
Əmək
Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)
hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan)
işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb
edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi
bildirir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək
bildirişləri sistemində müqavilə hüquqi qüvvəyə minmədən işçi tikinti
ərazisində işə cəlb olunmamalıdır.
Qeyd edək ki, monitorinqlərin
keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının
qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək
münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsindən
ibarətdir. Səyyar monitorinqlər davam etdirilir və nəticələri mütəmadi
olaraq ictimaiyyətə açıqlanacaq.