Xəzər Xəbər

Aeroport yolunda led işıqları və əlvan metalları oğurlayanlar tutuldu - FOTOLAR

Hadisə | 11:47 • 21 Noyabr 2017
Aeroport yolunda led işıqları və əlvan metalları oğurlayanlar tutuldu -

Aeroport yolunda led işıqları və əlvan metalları oğurlayan şəxslər tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, noyabrın 17-də axşam saatlarında Bakı-Aeroport yol qovşağı körpüsünün üstündə bir nəfər yol ötürücüsünün kənarındakı dəmir məhəccərə bəzək üçün quraşdırılan boruları və led işıqları sökərək oğurlamağa cəhd göstərib. Dərhal hadisə yerinə yaxınlaşan orada xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları həmin şəxsi saxlayaraq ərazi üzrə 12-ci Polis Bölməsinə (PB) təhvil veriblər.

Araşdırma zamanı saxlanılan şəxsin Zaqatala rayon sakini əvvəllər dəfələrlə məhkum olunan Vüqar Mustafayev olduğu müəyyən edilib. Hadisə yerinə baxış zamanı V.Mustafayevin oğurlamaq üçün kəsdiyi əlvan metaldan hazırlanan borular və led işıqlar, eləcə də digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Sabunçu Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən daha bir analoji oğurluq hadisəsinin qarşısı vaxtında alınıb. Zabrat körpüsündə xidmət aparan Sabunçu RMİ-nin əməkdaşları körpünün üstündə "VAZ-21011” markalı avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanma səbəbini aydınlaşdırmağa çalışıblar. Bu zaman sürücü avtomobilə minib qaçmağa cəhd göstərən zaman polislərin sayıqlığı və çevikliyi sayəsində maşınla birlikdə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı Zabrat körpüsündən oğurlanan dəmir məhəccərlər və əlvan metaldan olan əşyalar aşkarlanaraq götürülüb. Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə təhvil verilən saxlanılan şəxsin Bakı şəhər sakini Şakir Əliyev olduğu müəyyənləşib.

Qeyd edilən hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti