Xəzər Xəbər

Yeyib içdilər, iranlını döyüb, pulunu aldılar – Film kimi quldurluq

Hadisə | 16:12 • 21 Noyabr 2017
Yeyib içdilər, iranlını döyüb, pulunu aldılar

İran vətəndaşına qarşı quldurluqda təqsirləndirilən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Mirqadir Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlər Orxan Atayev 8 il, Miqdar Məmmədov isə 4 il azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunub. Onlar məhkəmə zalından həbs ediliblər.

İttihama görə, Binəqədi rayonunun Fatmayi qəsəbəsində 3 şəxs İran vətəndaşı Murtəza Azərə və Bakı şəhər sakini Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pul alıblar.

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, futbol klublarının birinin üzvü olan Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmov saxlanılıblar.

İdarəyə gətirilən Məhərrəm, onun qayını Miqdar və tanışı Orxan törətdikləri əməli etiraf ediblər.

Hadisədən 17 gün əvvəl ailə həyatı quran Məhərrəmin sözlərinə görə, kafedə çay içdikləri zaman 2 nəfər onlara yaxınlaşıb. Həmin şəxslər Məhərrəm Məhərrəmovun dostlarından onları tanıdıqları əyləncə klubuna aparmağı xahiş ediblər. Orxan taksi fəaliyyəti ilə məşğul olduğundan təkliflə razılaşıb. Avtomobilə müştəri kimi əyləşən şəxslər, Miqdar, Orxan və Məhərrəmdən onlarla birgə əylənmələrini istəyiblər, hesabı ödəyəcəklərini deyiblər. Ancaq sonda hesabın yüksək miqdarda gəlməsi şəxslərin verdikləri sözdən yayınması ilə nəticələnib.

Məhərrəm Məhərrəmov ifadəsində qeyd edib: "Hesabı vermədilər, dedilər ki, bizlik deyil, biz ikimizin pulunu verəcəyik. Sonra bunları götürüb, evlərinə apardıq. Mən telefonu girov qoydum ki, pulu verəndən sonra götürərəm. Yolda dedim ki, maşını saxlasın. Düşdük, onlarla dalaşdıq. İranlı pulu qayınıma verdi, mən də ondan götürdüm”.

Qeyd edək ki, Miqdar Məmmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasında oynayıb./teleqraf.com

Xəbər lenti