Xəzər Xəbər

Qızılsatan qadın: “Divanda oturmuşdum, qəfil üstümə cumub...” – Xırdalanda cinayət

Hadisə | 15:10 • 17 Yanvar 2020
Qızılsatan qadın: “Divanda oturmuşdum, qəfil üstümə cumub...”

Abşeron rayonunda baldızını öldürməyə cəhddə təqsirləndirilən 1967-ci il təvəllüdlü Şəki şəhər sakini Aslan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Abşeron rayonu, Xırdalan şəhərində Aslan Hüseynovun yaşadığı evə baldızı Hicran gəlib.

Hicran bacısı Mehribanın vasitəsilə Ülviyyəyə satdığı qızıl boyunbağının pulunu sonuncudan ala bilmədiyini deyib. Bu səbəbdən düşdüyü maliyyə çətinliklərində Mehribanı və Aslanı kəskin ifadələrlə ittiham edib. Hicran onlarla mübahisə edəndən sonra evi tərk edib.

Pul üstündə dava

Hicran gedəndən sonra Aslan arvadına bacısı ilə bağlı daim evində pul söz-söhbətinin yaranmasına görə iradlarını bildirib.

Bir müddət sonra Hicran yenidən Aslanın evinə gəlib, qonaq otağında onun oturduğu kreslo ilə üzbəüz divanda əyləşərək əsəbi şəkildə ondan borclu olduqları 6000 manatı dərhal qaytarılmasını tələb edib. Aslan isə pulu ona deyil, bacısı Mehribana verdiyini bildirib. Hicran ona "nə fərqi var, bacım və ya sən, bir yerdəsiniz”, - deyib.

Aslan Hicranın evindəki aqressiv davranışından və ona yönəlmiş sözlərindən daha da əsəbiləşib.

"Bu da sənə pul...”

Aslan oturduğu kreslodan durub, stolun üstündəki bıçağı götürərək Hicranın üzərinə gedib, yerindən qalxan Hicranın əynindəki gödəkcənin yaxasından tutub, ona "bu da sənə pul, bu da sənə pul” sözlərini təkrarlamaqla sağ əlindəki bıçaqla onunbədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

Aslan baldızına müxtəlif dərəcəli xəsarətlər yetirdikdən sonra hadisə yerini tərk edib. Hicran isə bacısının vasitəsi ilə xəstəxanaya çatdırılıb. Hicrana vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Aslan polis tərəfindən həbs edilib.

İttiham

İstintaq orqanı tərəfindən Aslan Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aslan Hüseynov özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. Bildirib ki, baldızı İrandan Azərbaycana qızıl gətirib və burada satmaqla məşğul olub.

Aslan Hüseynovun sözlərinə görə, Hicran Ülviyyəyə satmış olduğu qızılın pullarını onlardan tələb edib, buna görə aralarında dəfələrlə mübahisə yaranıb.

O, sonuncu dəfə yaranan mübahisə zamanı əsəbi olduğu üçün evdə stolun üstündə çörək doğramaq üçün qoyduqları bıçaqla Hicranı vurduğunu söyləyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Hicran Hüseynova bildirib ki, evdə olarkən Mehriban ona borclu olan Ülviyyə adlı qadına sms yazıb, borcunu qaytarmasını tələb edib: "Lakin Ülviyyə sms-ə cavab vermədi. Həmin vaxt Mehribanın əri Aslan da evdə idi. Bu hadisələrə görə o əsəbləşdi. Arvadına dedi ki, Mehriban, bunların hamısı sənin zibilindir, mən sizə dedim ki, ona qızıl, pul verməyin. Bundan sonra qızıma məxsus xarab telefonu düzəltdirməsi üçün bacım oğlu Orxana 10 manat verdim”.

"Bu məni əsəbləşdirdi”

Hicran Hüseynovanın sözlərinə görə, bir neçə dəqiqədən sonra Orxan qayıdaraq pulu itirdiyini deyib: "Orxanın bu hərəkəti məni daha da əsəbləşdirdi. Avtomaşınıma əyləşdim, öz evimə getdim. Evdə olarkən Aslana zəng etdim. Dedim ki, məni dolamısınız, pul sahibləri Sadəgül və İlhamı da götürüb sizə gəlirəm, mənim pullarımı hazırlayın.

Sonra idarə etdiyim avtomaşınla yenidən bacımgilə getdim. Həyətə daxil olmaq istədikdə Orxan məni qarşıladı, atasının bərk əsəbləşdiyini dedi. Məndən evə keçməməyimi xahiş etdi. Orxanın sözünə əhəmiyyət vermədən içəri girmək istədim. Bu vaxt bacım qızı Türkanla rastlaşdım.

Bacım qızı da atasının bərk əsəbi olduğunu dedi, içəri keçməməyimi bildirdi. Türkana da əhəmiyyət vermədim, içəri keçərkən bacım Mehribanın koridorda Ülviyyə ilə telefonla danışdığını gördüm.

Əsəbi halda qonaq otağına keçdim, Aslanla üzbəüz divanda oturdum. Ondan 6000 manatımı tələb etdim. Aslan dedi ki, mənə pul verməmisən, bacına vermisən. Aslana bacımın onun arvadı olduğunu xatırlatdım, təkidlə ondan pulumu istədim. Bu sözüm Aslana bərk toxundu və onun həddindən artıq əsəbləşdiyini hiss etdim”.

"Elə bildim bıçaqla yox, yumruqla vurur”

Zərərçəkmiş qeyd edib ki, bundan sonra Aslan əsəbi halda oturduğu kreslodan durub və stolun üstündə olan bıçağını götürərək onun üstünə gəlib: "Ayağa qalxan kimi Aslan sol əli ilə əynimdəki gödəkçəmin yaxasından tutdu, əlindəki bıçaqla bədənimin müxtəlif nahiyələrinə zərbələr endirdi. Mənə zərbələr vuranda "bu da sənə pul, bu da sənə pul”, - deyə qışqırırdı. Həmin vaxt Aslanın məni yumruqla vurduğunu fikirləşmişdim.

Vurulandan sonra divanın qarşısına döşəmənin üstünə yıxıldım. Sonra təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya aparıldım və əməliyyat olundum”.

Cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aslan Hüseynov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Aslan Hüseynov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini, maddənin sanksiyasında zərərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Aslan Hüseynovun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Aslan Hüseynov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Aslan Hüseynovun kasasiya şikayəti də təmin olunmayıb.

Xəbər lenti