Xəzər Xəbər

Bakıda ailə dramı: Arvadını bıçaqlayıb özünü dənizə atdı TƏFƏRRÜAT

Hadisə | 14:14 • 8 Oktyabr 2019
Bakıda ailə dramı: Arvadını bıçaqlayıb özünü dənizə atdı

Bakıda arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Natiq Dədəcanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Natiq Dədəcanovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş baxılması üçün hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 14-nə təyin olunub.

İttihama görə, bu il aprelin 23-də Bakı Dəniz Vağzalında bir nəfər naməlum şəxsin özünü şübhəli aparması və qeyri-adekvat hərəkətləri ərazidə xidmətdə olan su polislərinin diqqətini cəlb edib.

Həmin şəxs intihar etmək məqsədi ilə özünü dənizə atmaq istəyən zaman onun bu cəhdinin qarşısı su polisləri tərəfindən alınıb. İntihara cəhd edən şəxslə su polisləri profilaktiki söhbətlər apararaq onu bu fikrindən daşındıra biliblər.

İdarəyə gətiriləndən sonra həyatına qəsd etmək istəyən şəxsin 1982-ci il təvəllüdlü Xəzər rayonu ərazisində yaşayan Dədəcanov Natiq İlham oğlu olduğu müəyyən edilib.

Natiq Dədəcanovla Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının apardığı profilaktik söhbət zamanı o, törətdiyi ağır cinayət hadisəni də etiraf edib.

Məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl Xəzər rayonu Binə qəsəbəsində birlikdə yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı 1982-ci il təvəllüdlü Vüsalə Dədəcanova ilə mübahisə edib.

Bir neçə dəfə həyat yoldaşı ilə barışmağa cəhd göstərsə də buna nail ola bilməyib.

Bakı Dəniz Vağzalı ərazisinə gəlməmişdən əvvəl isə o, Mərdəkan qəsəbəsində üzərində gəzdirdiyi bıçaqla həyat yoldaşına xəsarət yetirib.

Arvadını qətlə yetirdiyini zənn edən Natiq Dədəcanov intihar etmək məqsədi ilə dəniz kənarına gəlib.

Su polisləri söhbət zamanı həmin şəxsin diqqətinə həyat yoldaşının xəsarət aldığını amma dünyasını dəyişmədiyini bildiriblər. Natiq Dədəcanov həyatını xilas etdiklərini və onu intihar etmək fikrindən daşındırdıqları üçün su polislərinə təşəkkürünü bildirib.

Qeyd edək ki, sonra Natiq Dədəcanov törətdiyi bıçaqlanma hadisənin istintaqının aparılması üçün su polisləri tərəfindən ərazi üzrə Xəzər rayon Polis idarəsinə təhvil verilib.

İstintaq orqanı tərəfindən Natiq Dədəcanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Xəbər lenti