Xəzər Xəbər

Sumqayıtda keçirilən reyd zamanı sürücülər və sərnişinlər cərimələnib - Foto

Gündəm | 17:10 • 3 Dekabr 2020
Sumqayıtda keçirilən reyd zamanı sürücülər və sərnişinlər cərimələnib -

Paytaxt Bakı ilə yanaşı Sumqayıt şəhərində də polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir.


Bu barədə Xezerxeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsi ilə şəhərin hər bir küçə və prospektində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.


Reydlər zamanı mağazalara maskasız daxil olan alıcılar və buna biganə qalan obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cərimələniblər. Tədbir zamanı polislər tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.


Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər. Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib.


Bir daha vətəndaşlarımızdan xahiş olunur ki, koronovirusun daha geniş miqyasda yayılmasına imkan verməmək üçün krantin qaydalarına əməl etsinlər.


Sevinc Yasinqızı


Xəbər lenti