Xəzər Xəbər

Qarabağ münaqişəsinə son qoyuldu - İşğaldan azad edilmiş ərazilər

Gündəm | 16:54 • 1 Dekabr 2020
Qarabağ münaqişəsinə son qoyuldu -

Məlum olduğu kimi, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Artıq işğalçı Ermənistanın ordusu və ərazidə qeyri-qanuni məskunlaşmış əhali Laçın rayonunu tərk edib. 


Xezerxeber.az xəbər verir ki, ümumiyyətlə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Həmin vaxtadək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.


Noyabrın 10-da isə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalıdır.


Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib.


Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub.


Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.


Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib.


Bu gün isə Laçın rayonu Azərbaycana təhvil verilib. Artıq rayon Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qaytarılması prosesi yekunlaşıb. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. 


Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var.


Atif


Xəbər lenti