Xəzər Xəbər

Bu gündən sərhədlərimiz bərpa olunur - Laçınlı deputat

Gündəm | 13:18 • 1 Dekabr 2020
Bu gündən sərhədlərimiz bərpa olunur -

Laçın rayonun işğaldan azad olunması ilə ölkəmizin ərazi bütövlüyü tamamilə bərpa olundu.


Bunu Xezerxeber.az-a açıqlamasında Milli Məclisin Laçından olan deputatı Mahir Abbazadə deyib.


Onun sözlərinə görə, Laçın Azərbaycan tarixində xüsusi strateji mövqeyə malik rayondur:


"1992-ci ildə ərazi nöqteyi nəzərdən Şuşanın və Laçının işğalı de-fakto ilə Qarabağın Ermənistanla birləşdirilməsinə səbəb olmuşdu.


Bu gün 44 günlük müharibə zamanı məhv edilən Ermənistan ordusuna aid olan ağır zirehli texnikalar, tanklar və silahlar Laçın və Şuşa yolu vasitəsilə Xankəndiyə daşınıb. Bu fakt coğrafi baxımdan Laçının Azərbaycan üçün siyasi və strateji əhəmiyyətli olması faktorunu təsdiq edir.

Azərbaycan müstəqil ölkə olsa da, heç vaxt de-fakto ərazi bütövlüyü tam olmayıb. Bu gün Laçın rayonu ilə Ermənistanı ayıran Zabıx kəndində bayrağımızın qaldırılması sərhədlərimizin bərpasıdır”.


Deputat qeyd edib ki, Laçın tarixi keçmişi zəngin olan rayondur:


"Ermənilər Laçının Minkəndində birinci və üçüncü min illiyə aid olan insan məskənlərini və altıncı və doqqunzu əsrə aid olan Alban kilsələrini erməniləşdirmək istəyirdilər. Ancaq istəklərinə nai ola bilmədilər.


On ikinci əsrə aid olan Məlik Əjdər türbəsi isə öz qədimiliyi ilə seçilir. Hətta müqəddəs Qurani-Kərimdə də Məlik və Əjdər adları qeyd olunub.


On yeddi əsrin sayılıb-seçilən saz sənətinin yaradıcısı olan Saray Aşığın və onun sevgilisi Yaxşının məzarı da Laçındadır.


Dünyada çox nadir hallarda rast gəlinən qırmızı palıdın Laçın meşələrində olması önəmli məqamdır. Rayonun 62 növ fauna və florası, turş suyu ölkəmizin mineral su ehtiyatlarının və torpaqlarının zənginləşməsində mühüm rol oynayır.


Hesab edirəm ki, Laçın rayonunun erməni işğalından azad olunması Azərbaycan tarixinin ən şərəfli və layaqətli günlərindən biri kimi tarixdə qalacaq”.


Qeyd edək ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sənəd imzalanıb. Həmin sənədə əsasən, noyabrın 20-də Ağdam, sonradan 10 gün vaxt uzanmaqla noyabrın 25-də Kəlbəcər təhvil verilib. Bu gün isə Laçın işğaldan azad olunub.


Sevinc Yasinqızı

Xəbər lenti