Xəzər Xəbər

RƏSMİ: Ermənilər Ağdamda ata və oğlunu qətlə yetirdi

Gündəm | 14:30 • 1 Oktyabr 2020
RƏSMİ:

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində oktyabrın 1-də saat 13 radələrində Ağdam rayonunun Hacıməmmədli kəndində yaşadıqları evə düşmüş top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Mürsəl Rəsul oğlu və oğlu, 1996-cı il təvəllüdlü Samir Məmmədov həlak olub, yaşadıqları evə külli miqdarda ziyan dəyib.


Baş Prokurorluğun mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, faktla bağlı Ağdam Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2-ci (təcavüzkar müharibəni aparma),186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.


Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.


Ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bütün zəruri tədbirlər görüləcək.

Xəbər lenti