Xəzər Xəbər

Deputatdan VACİB TƏKLİF: pay torpaqlarına sahib vətəndaşlara da yardım verilsin, bir şərtlə ki...

Gündəm | 11:32 • 6 Avqust 2020
Deputatdan VACİB TƏKLİF:

"Milli Məclisin plenar iclasında "Məşğulluq haqqında” qanuna edilən düzəlişlər layihəsi müzakirə olundu. Layihədə təklif edilən düzəlişlər ilə yanaşı, qanunda rayonlarda yaşayan vətəndaşlarımız üçün vacib olan məsələlər ilə bağlı təkliflər ilə çıxış etdim. Belə ki, qanunun 4-cü maddəsinə görə, pay torpağı olan bütün vətəndaşlarımız məşğul şəxslər hesab edilir. Bu baxımdan qanunun bu maddəsində differensial yanaşmanın tətbiqinə ehtiyac var”.


XəzərXəbər xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.


Millət vəkili bildirib ki, inkişaf etmiş ölkələrdə bölgələrdə yaşayan insanların məşğulluğu onların əldə etdikləri gəlirlərə əsasən hesablanır: "Mövcud qanunvericiliyə əsasən, 10 sot torpağı olan vətəndaş da, 10 hektar torpaq sahibi olan da məşğul hesab olunur. Halbuki 10 sot torpaq onun sahibinə xüsusi gəlir əldə etmək imkanı vermir. Əksinə, pay torpağı olanlar məşğul şəxslər hesab olunduğu üçün sosial yardımlara da müraciət edə bilmirlər. O baxımdan təklif etdim ki, 20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar və onlara sosial proqramlara müraciət imkanı verilsin. Yalnız 20 sotdan daha çox yararlı sahəsi olanlar məşğul şəxslər qrupuna daxil edilsinlər”.


V.Bayramov xatırladıb ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) da 2020-ci il üçün büdcəsində təklif edilən əlavə və düzəlişlər müzakirə olundu. Fondun büdcəsində edilən dəyişikliklər pandemiyanın təsirlərini azaltmaq məqsədi daşımaqla yanaşı, 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi ilə də bağlıdır: "Müzakirələrdə çıxışım zamanı bir sıra məqamlara diqqət ayırdım. Əvvəla layihədə DSMF-nin gəlirlərinin daxilolma mənbələri üzrə dəyişikliklərin aparılması təklif olunur. Belə ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların məbləği büdcədən maliyyələşən təşkilatlar üzrə proqnoz 2 milyon 588 min manat azaldılır, əksinə büdcədən kənar mənbələr üzrə həmin məbləğ qədər artım təklif olunur. Pandemiyanın real sektorda aktivliyi azaltdığını və eləcə də sosial təcrid tədbirlərinin tətbiq olunduğu müddətdə təsirlərə məruz qalan 20 fəaliyyət sahəsindən 11-də fəaliyyətlərin tamamən dayandığını nəzərə alsaq, özəl sektordan daxilolmalarda artımın proqnozlaşdırılmasının geniş izahatına ehtiyac var. Çünki nəticə etibarı ilə aktivlik azalırsa, bu, ödənişlərin də azalmasına səbəb olmalıdır - hətta qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi əmsalı nəzərə alınanda da.


Digər məqam təklif olunan layihədə əmək pensiyalarının ödənilməsi xərclərinin 26,769 milyon manat azaldılmasıdır. Bu istiqamət pandemiyanın təsir etmədiyi sahə olduğundan, azalmanın səbəblərinin geniş izah edilməsinə ehtiyac var.


Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsinin təxminən 7 ay əvvəl qəbul olunduğunu nəzərə alsaq, qanun layihəsində nəzərdə tutulan optimallaşmaların nəyin hesabına olacağına aydınlıq gətirilməlidir. Məsələn, yeni doğulan uşaqlara və ya 3 yaşa qədər uşaqların valideynlərinə verilən müavinətlərin həcmindəki azalmaların səbəblərinin geniş izahatına ehtiyac var”.

Xəbər lenti