Xəzər Xəbər

ÜST: Azərbaycanda çox heyrətamiz işlər aparıldığını müşahidə etdik

Gündəm | 16:59 • 31 İyul 2020
ÜST: Azərbaycanda çox heyrətamiz işlər aparıldığını müşahidə etdik

"ÜST-ün Avropa ofisindən beş nəfərdən ibarət missiya Azərbaycanın COVID-19-la mübarizə tədbirlərini dəstəkləmək üçün iyulun 21-dən ölkədə səfərdədir”.


Xezerxeber.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.


O bildirib ki, missiya üzvləri on gün ərzində yerli tərəfdaşlarla görüşüb, səhiyyə mərkəzlərinə və xəstəxanalara baş çəkib, qeydlərini aparıblar: "Missiya ÜST Avropa ofisinin Səhiyyə informasiyası üzrə proqram meneceri David Novillo Ortizin rəhbərliyi ilə həyata keçirilib. Missiya boyunca bizə öz dəstəyini əsirgəməyən Azərbaycan dövlətinə minnətdarıq. Onlara məlumatları bizimlə açıq bölüşdükləri üçün təşəkkür edirik”.


H. Harmancının sözlərinə görə mart ayında ölkəyə gələn missiyanın tövsiyələrinin böyük hissəsi yerinə yetirilib: "Bir çox sahələrdə irəliləyişlər var. Bu missiyanın verəcəyi tövsiyələr hazırda təkmilləşdirməyə ehtiyacı olan sahələrin inkişafına kömək edəcək. On gün ərzində mütəxəssislərimiz çox heyrətamiz işlər aparıldığını müşahidə etdilər. Bizi ən çox Azərbaycanda COVID-19-la mübarizədə çalışan insanlar heyrətləndirdi. Hökumət daxilində müxtəlif statusa malik insanlar, yüksək səviyyəli diplomatlardan ağıllı və bacarıqlı texniki işçilərə qədər hər nazirlikdən təyin olunmuş müvafiq şəxslər uzun saatlar, günlər, həftələrlə dayanmadan çalışırlar. Xəstəxanalar, poliklinikalar, ictimai səhiyyə idarələrində həkimlər, tibb bacıları, laboratoriya işçiləri insanlara qayğı göstərmək, onları müalicə etmək, digərlərinə təlim keçmək, təmasları izləmək, evlərə zəng etmək, test etmək, rəqəmləri əlavə etmək, cədvəllər, statistika və hesabatlar hazırlamaq kimi işləri yerinə yetirirlər. Bunu təkrar-təkrar, bitmə tarixini bilmədən etmək çox ağırdır. Bu insanlar Azərbaycanda COVID-19-a qarşı mübarizənin görünməyən qəhrəmanlarıdır”.


O, Azərbaycanda böyük işlər aparıldığının şahidi olduğunu vurğulayıb: "Biz daha da təkmilləşdirilə biləcək sahələri müəyyən etdik. Hökumət tərəfindən görülən ciddi tədbirlər bu xəstəliklərin insandan insana ötürülməsini məhdudlaşdırmaqdır. Ötürülmə məhdud olarsa, COVID-19-a daha az yoluxma müşahidə edəcəyik və bu xəstəlikdən ölənlərin sayı daha az olacaq. Ötürülmənin azalması insanlar arasında fiziki məsafəni artırmaqla mümkündür. Evdə qalmaq, müəssisələrin və məktəblərin bağlanması, insanlar arasında məsafəni artırmaq üçündür. Maska taxmaq, ictimai yerlədə ən azı 1.5 metr məsafə saxlamaq da ötürülməni məhdudlaşdıran ünsürlərdəndir. Lakin hər dəfə sərt tədbirlərin yumşaldılmasından sonra yeni yoluxma hallarının artdığını görürük. Anlamalıyıq ki, insanlar maska taxsa, tez-tez əllərini yusa, COVID-19 simptomları hiss etdikdə evdə qalsa, həkimə xəbər versə və özlərini təcrid etsə, o zaman hökumət karantin rejimini yumşaltsa belə, yoluxmaların sayında artım olmaya bilər”.


H. Harmancı yoluxmanın azalması üçün insanların düşüncə tərzinin və davranışlarının dəyişməsinin lazım olduğunu diqqətə çatdırıb: "Burada sözügedən tədbirləri hər gün diqqətlə tətbiq etməliyik ki, mümkün qədər normal həyat yaşaya bilək, özümüzü və ətrafdakı insanları qoruyaq”.

Xəbər lenti