Xəzər Xəbər

Bolqarıstanın “TV Avropa” telekanalı Ermənistanın təxribatı barədə veriliş yayımlayıb

Gündəm | 12:07 • 31 İyul 2020
Bolqarıstanın “TV Avropa” telekanalı Ermənistanın təxribatı barədə veriliş yayımlayıb

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın bu ölkənin "TV Evropa” telekanalının "Avropa sabahı” verilişində müsahibəsi yayımlanıb.


Səfir Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat, qonşu dövlətin aqressiv strategiyası, COVID-19-a qarşı mübarizə çərçivəsində Azərbaycanın Bolqarıstanla əməkdaşlığı, ölkəmizin pandemiya ilə mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü, pandemiyanın respublikamızın neft və qaz sənayesinə təsiri ilə bağlı sualları cavablandırıb.


N.Qurbanova iyulun 12-də Ermənistan silahlı qüvvələrinin iki ölkə arasında dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə artilleriya silahlarında atəş açaraq hücuma keçmək cəhdi, iyulun 13-də rayonun Dondar Quşçu kəndini və buradakı dinc sakinləri iriçaplı silahlardan istifadə etməklə hədəfə alması və nəticədə Ermənistan silahlı qüvvələrinin bütün həmlələrinin müvafiq əks-tədbirlər ilə cavablandırılması barədə məlumat verib. O, təxribat nəticəsində ikisi yüksək rütbəli olmaqla Azərbaycan ordusunun 11 hərbçisinin həlak olduğunu deyib.


Diplomat 2016-cı ilin aprel hadisələrindən fərqli olaraq, Ermənistanın son təxribatının təmas xəttində deyil, Ermənistan-Azərbaycan dövlət sərhədində törədildiyini və hərbiləşdirilmiş Ermənistan sərhədindən fərqli olaraq, həmin bölgədə sərhədlərimizin əksər hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən qorunduğunu diqqətə çatdırıb.


N.Qurbanova ötən dövr ərzində Ermənistanın Azərbaycan hərbçiləri və mülki əhaliyə hücumu hədəfləyən hərbi təxribatının daha tez-tez və təcavüzkar xarakter aldığını xüsusilə vurğulayıb. Qeyd edib ki, Ermənistanın son təxribatı 76 yaşlı qocanın ölümünə, mülki əhaliyə və infrastruktura münasibətdə xeyli miqdarda ziyana səbəb olub.


Regionda vəziyyətin gərgin olaraq qaldığını qeyd edən səfir Azərbaycanın Ermənistan tərəfinin təxribatının qarşısının alınması, eləcə də özünün beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin qorunması, mülki əhali və mülkiyyətin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri addımlar atdığını bildirib.


Diplomat əlavə edib ki, Ermənistanın son təxribatı rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmamasının sübutudur. O, baş nazir Nikol Paşinyanın iyulun 10-da Ermənistanın Milli Təhlükəsizlik Strategiyası ilə bağlı bu ölkənin Təhlükəsizlik Şurasının görüşündəki çıxışını xatırladaraq Ermənistanın təcavüzkar siyasətinin regional sülh və təhlükəsizliyə birbaşa təhdid olduğunu qeyd edib. Vurğulayıb ki, bu ölkənin təhlükəsizlik strategiyası Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə əsassız iddialar sürərək beynəlxalq hüququ ciddi şəkildə pozur. Belə ki, həmin sənəddə yeni mövqelərin ələ keçirilməsi və regionda gərginliyin artırılmasından bəhs edilir.


Müsahibə zamanı N.Qurbanova ölkəmizdə COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində qətiyyətli tədbirlər görüldüyünü, o cümlədən karantin rejiminin tətbiqi, səhiyyə sisteminin gücləndirilməsi, habelə 5 ənənəvi, 5 modul tipli xəstəxananın istifadəyə verildiyini deyib. Diqqətə çatdırıb ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edir və bu təşkilata 10 milyon ABŞ dolları məbləğində yardım göstərib. Azərbaycanın COVID-19-la mübarizədə 15-dən çox ölkəyə dəstək göstərdiyini bildirən diplomat bu xüsusda ölkəmizin humanitar yardım edən ölkələr arasında ilk onluqda sıralandığını vurğulayıb. İkitərəfli əməkdaşlıq kontekstində N.Qurbanova Azərbaycan səfirliyinin Bolqarıstanın Plovdiv, Kırcali, Ruen bələdiyyələrinə və Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqına zəruri qoruyucu vasitələr və ərzaqla yardım etdiyini xatırladıb.


COVID-19 pandemiyası başlayandan bəri ölkəmizin bir sıra təşəbbüslər irəli sürdüyünü deyən səfir ölkəmiz tərəfindən bu virusla mübarizədə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılmasından söz açıb. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdiyini və təşəbbüsün BMT-nin 130-dən çox üzvü tərəfindən dəstəkləndiyini ifadə edib və bu məsələdə ölkəmizə göstərdiyi birmənalı dəstəyə görə təşəkkürünü bildirib.


Səfir COVID-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədiyini, bununla belə, ölkə iqtisadiyyatı ilə bağlı proqnozların müsbət olduğunu deyib. Bu xüsusda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, iqtisadiyyatın dəstəklənməsi və sosial müavinətlərin genişləndirilməsi məqsədilə hökumət tərəfindən 9 proqramın irəli sürülməsi barədə danışıb. (AZƏRTAC)

Xəbər lenti