Xəzər Xəbər

DİN sürücülərə xəbərdarlıq etdi İcazəsi olmayanlar kameraya düşəcək

Gündəm | 09:36 • 2 İyul 2020
DİN sürücülərə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi sabahdan Bakı küçələrində karantin postlarının yığışdırılması ilə bağlı əhaliyə xəbərdarlıq edib.


XəzərXəbər xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, bu qərar karantin rejiminin yumşaldılması yox, daha da sərtləşdirilməsi deməkdir:


"Vətəndaşlar elə başa düşməsinlər ki, sabahdan nəzarət zəifləyəcək. Əksinə, sabahdan bütün qapalı məkanlar, ictimai nəqliyyat, şəhərin hər küçəsində, məhəllələrdə və məhəlləarası yollarda polis əməkdaşlarə və Daxili Qoşunların hərbi qulluqçuları ilə birlikdə piyada naryadları daha da gücləndirilmiş rejimdə xidmət aparacaq. Vətəndaşların tibbi maskalardan istifadə etməsi və sosial məsafəni qorunmasına ciddi nəzarət olunacaq. Karantin rejiminin tətbiqinə nəzarət edən polis əməkdaşları qeyd edilən bütün yerlərdə sutkalıq fasiləsiz xidmət aparacaqlar.


Nəqliyyat vasitələrini idarə edən şəxslərin icazəsinin olub-olmadığı isə müşahidə kameraları vasitəsilə müəyyən olunacaq. Artıq "SMA icazə" sistemi ilə inteqrasiya nəticəsində həmin sürücünün icazəsinin olub-olmadığı məlum olacaq. Əgər icazəsi yoxdursa, yaxud icazənin vaxtı bitirsə, həmin sürücü haqqında elektron protokol tərtib olunacaq. Paytaxtın küçə və prospektlərində quraşdırmış postlarda xidmət aparan əməkdaşlar isə piyada naryadlarına cəlb olunacaq. Bununla da həmçinin, nəqliyyatın intensiv axını təmin olunacaq.


Vətəndaşlara müraciət edirik ki, evdən çıxarkən mütləq tibbi maskadan istifadə etsin, sosial məsafəni qorusunlar. Sabahdan etibarən yoxlamalar daha da gücləndirilmiş vəziyyətdə aparılacaq. Artıq cərimələrin məbləğinin də artırıldığını bir daha vətəndaşlarımızın diqqətinə çatdırıram".(Qafqazinfo)

Xəbər lenti