Xəzər Xəbər

DİQQƏT: 4 şəhərdə 2 günlük sərt karantin rejimi QÜVVƏYƏ MİNDİ

Gündəm | 00:05 • 6 İyun 2020
DİQQƏT:

Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bu gündən küçəyə çıxmaq qadağası tətbiq olunur.

XəzərXəbər xəbər verir ki,Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq edilir. Qərara əsasən, bu müddət ərzində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:

• Siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

• xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

• sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

• kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

• elektrik enerjisinin istehsalı və təchizatı;

• meliorasiya və su təsərrüfatı;

• rabitə xidmətləri;

• teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

• dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

• boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

• fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

• neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

• fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək.

Bu Qərarda nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilsin və onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilir:

- həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

- yaxın qohumların dəfnində iştirakla əlaqədar.

Yaxın qohumların dəfnində iştirakla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün hər bir şəxs Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

2020-ci il 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.

Bir daha vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə sosial məsuliyyətdən irəli gələrək həmrəylik nümayiş etdirməyə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə, özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırırıq.

Xəbər lenti