Xəzər Xəbər

Azərbaycan həkimləri koronavirusa qarşı fədakarcasına mübarizə aparırlar - Prezident

Gündəm | 15:58 • 19 Mart 2020
Azərbaycan həkimləri koronavirusa qarşı fədakarcasına mübarizə aparırlar - Prezident

Bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Dövlətimizin başçısı qeyd edib:

"Mən bir daha Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına mübarizə aparırlar, öz sağlamlıqlarını risk altına atırlar. Ancaq yüksək məsuliyyət, içdikləri and əlbəttə ki, onları bu işlərə sövq edir. Xəstələr də həkimlərə böyük diqqətlə yanaşmalıdırlar. Bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu, onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır. Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək".

Xəbər lenti