Xəzər Xəbər

Azərbaycanın Çindəki səfirliyi bu ölkəyə səfər etmək istəyənlərə müraciət edib

Gündəm | 10:51 • 18 Mart 2020
Azərbaycanın Çindəki səfirliyi bu ölkəyə səfər etmək istəyənlərə müraciət edib

Azərbaycanın Çindəki səfirliyi bu ölkəyə səfər etmək istəyən vətəndaşlarımıza müraciət ünvanlayıb.

Müraciətdə Çinə, o cümlədən paytaxt Pekinə səfərə gələn əcnəbilərə tətbiq olunan karantin qaydaları barədə ətraflı məlumat verilib.

Bildirilib ki, martın 16-dan etibarən Çin Xalq Respublikasının paytaxtı Pekinə səfərə gələn bütün əcnəbilər şəhərə daxil olduqdan dərhal sonra dövlət tərəfindən müəyyən edilmiş otellərdə 14 günlük tibbi müşahidə altına alınacaqlar. Bu müddət ərzində oteldə qalma, yemək və digər xərclər səfər edən şəxslər tərəfindən ödəniləcəkdir.

Pekin şəhərinə səfər edən sərnişinlər üçün "Paytaxt” beynəlxalq hava limanının 3-cü terminalının D zonasında sanitar nəzarət təşkil edilib. Burada ilkin baxış (termometriya) həyata keçirilərək, tibbi anketlər doldurulacaq. Pekinə gələn əcnəbilərin yeni növ koronavirusa (COVID-19) yoluxması və ya xəstə şəxslərlə yaxın təması olmadığı təqdirdə onlar avtobuslarla Çin Beynəlxalq Ekspo Mərkəzinin yeni filialının bazasında yaradılmış xüsusi paylayıcı mərkəzə aparılacaq. Oradan isə xüsusi qruplara bölünərək məcburi 14 günlük karantini keçmək üçün dövlət tərəfindən ayrılmış mehmanxanalara paylanacaqdır.

Koronavirus pandemiyası ilə əlaqədar xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına daha keyfiyyətli konsulluq yardımının göstərilməsi və vətəndaşlarımızın mümkün qısa müddət ərzində operativ məlumatlandırılması zərurəti yaranıb. Bu məqsədlə Çində yaşayan vətəndaşlarımızın ölkəmizin Pekindəki səfirliyinin konsulluq şöbəsində qeydiyyata düşmələri tövsiyə olunur. Bu məqsədlə səfirlikdə "qaynar xətt” yaradılıb.

Qeyd edək ki, son günlər xarici ölkələrdən gələn bir neçə sərnişinin COVID-19 infeksiyasına yoluxması aşkarlandıqdan sonra Çin hökuməti ölkəyə daxil olanların ciddi yoxlanışına və sərt sərhəd karantin qaydalarının tətbiqinə başlayıb.

Xəbər lenti

Çox oxunanlar