Xəzər Xəbər

Azərbaycandakı səfirliklər koronavirus təhlükəsinə görə öz fəaliyyətinə dəyişikliklər edib

Gündəm | 13:40 • 17 Mart 2020
Azərbaycandakı səfirliklər koronavirus təhlükəsinə görə öz fəaliyyətinə dəyişikliklər edib

Koronavirus pandemiyası (COVID-19) xarici ölkələrin Azərbaycandakı səfirliklərinin də fəaliyyətinə təsirsiz ötüşməyib.

Türkiyə səfirliyindən APA-ya bildirilib ki, səfirlikdə koronavirus təhlükəsi ilə əlaqədar sanitar-epidemioloji qaydalara ciddi şəkildə əməl olunmaqdadır.

"Mütəxəssislərin, elm adamlarının məsləhətlərini diqqətdə saxlayırıq. Keçirilməsi planlaşdırılan tədbirlərimiz təxirə salınıb", - deyə səfirlikdən bildirilib.

İsrailin Azərbaycandakı səfirliyindən isə APA-ya deyiblər ki, səfirlik müntəzəm şəkildə işinə davam edir: "Biz Azərbaycan hökumətinin tövsiyələrini izləyərək izdihamlı tədbirlər və yerlərdən uzaq oluruq. Konsulluq işimizdə də bəzi dəyişikliklər etmişik, əsasən müraciət edənlərdən əməkdaşlarımızla səfirliyə gəlməzdən öncə məsləhətləşməyi və görüşün təyin olunması üçün müraciət etmələrini xahiş etmişik”.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya həm qlobal, həm də yerli səviyyədə COVID-19 pandemiyasının yayılması ilə əlaqəli məlumatları yaxından izlədiklərini deyiblər.

"Bu mürəkkəb və çətin zamanda bir-birimizə necə kömək edə biləcəyimiz barədə azərbaycanlı həmkarlarımızla müzakirələr aparırıq. Səfirlik fəaliyyətinə davam edir, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Xəstəliklərə Nəzarət Mərkəzləri tərəfindən hazırlanmış təlimatlara uyğun olaraq telefon, elektron poçt və videokonfranslar vasitəsilə işlərin aparılması və digər sosial uzaqlaşdırma tədbirlərini maksimum dərəcədə artırmışıq. İşçilərimizə əllərini tez-tez 20 saniyə ərzində yumaq, öskürəndə və ya asqıranda ağızlarını yummaq və xəstə olduqları halda evdə qalmağı tez-tez xatırladırıq", - deyə səfirlik bildirib.

Almaniyanın Azərbaycandakı səfirliyi isə fəaliyyətində hələlik xüsusi qaydalar tətbiq etməyib. "Azərbaycan XİN-in tövsiyələrinə uyğun olaraq səfirliyin fəaliyyəti davam edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın göstərişlərini, məlumatlarını yaxından izləyirik", - deyə səfirlikdə qeyd ediblər.

Latviyanın Azərbaycandakı səfirliyi isə koronavirus təhlükəsi ilə viza müraciətlərinin qəbulunun dayandırıldığını elan edib. Səfirlik "Facebook" səhifəsində bildirib ki, "COVID-19”-un yayılması ilə əlaqədar, Latviya hökuməti aprelin 14-dək ölkədə fövqəladə vəziyyət elan edib. Latviyaya edilən bütün uçuşlar, qatar və avtobus xidmətləri ləğv edilib. Bu səbəbdən aprelin 14-dən əvvəl tarixlərə Latviyaya giriş üçün Şengen viza müraciətləri Bakıdakı Latviya səfirliyinin viza xidmətini təmsil edən VFS Global-da qəbul edilməyəcək.

Məlumatda qeyd edilir ki, səfirlik martın 29-dək bağlı olacaq, hər hansı sual olarsa,consulate.azerbaijan@mfa.gov.lvelektron poçt ünvanına göndərilə bilər.

Xəbər lenti