Xəzər Xəbər

MSK iki məntəqənin nəticəsini ləğv etdi - İclas

Gündəm | 17:47 • 22 Fevral 2020
MSK iki məntəqənin nəticəsini ləğv etdi - İclas

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Toplantıda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

***

MSK-nın iclasında 48 saylı Yevlax seçki dairəsindən namizəd Rüfət Hacıbəylinin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb, şikayətçilərlə əlaqə saxlanılıb. Şikayətçi müraciətində 3 və 13 saylı məntəqələrdə qanun pozuntularının olduğunu bildirib. DSK müraciəti hərtərəfli araşdırıb və əsassız hesab edib. Lakin sosial şəbəkələrdə görüntülər araşdırılıb. Həmin görüntülər araşdırılan zaman 6 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 6 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.

Sonda həmin dairənin 1 seçki (6 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qəbul edilib.

***

MSK-nın iclasında 11 saylı Qaradağ seçki dairəsindən namizəd Kamil Paşayevin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü dairə üzrə müşahidəçilərə müşahidə aparmağa üçün imkan verilmədiyini qeyd edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Müraciətlə bağlı 3 istiqamətdə araşdırma aparılıb. Ekspert qrupu müraciəti hərtərəfli araşdırıb. Araşdırma zamanı yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 25 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 1 seçki (25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilib.

Xəbər lenti