Xəzər Xəbər

Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq

Gündəm | 16:09 • 28 Yanvar 2020
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq

Milli Məclisə seçkilərdə gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunacaq.


Xezerxeber.az xəbər verir ki, bu barədə Secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib.


Onun sözlərinə görə, Brayl əlifbası ilə hazırlanan bülletenlər bütün seçki məntəqələrinə veriləcək.


MSK katibi deyib: "Hazırda bununla bağlı proses başlayıb. Biz bunu həmişə tətbiq etmişik. Gözdən əlil seçicilərin səs verməsi üçün bütün məntəqələrin seçki bülletenləri ilə təmin olunması nəzərdə tutulub. Mərkəzi Seçki Komissiyası bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müzakirələr aparır və ehtiyacı olan bütün məntəqələr lazımı seçki bülletenləri ilə təmin ediləcək. Hər kəs diqqət mərkəzindədir və heç kəs diqqətdən kənarda qalmayacaq. Gözdən əlil seçicilərin də səsvermə hüquqları var və onların bu hüquqları tanınır”.


Gözdən əlil seçicilərin səsvermə hüququndan istifadəsində heç bir problemin olmayacağını vurğulayan M.Rəhimov söyləyib: "Mərkəzi Seçki Komissiyası bundan öncəki seçkilərdə də gözdən əlil seçicilərin səsvermə hüququndan istifadəsi üçün lazımı şərait yaradıb. Bu istiqamətdə heç bir problem yoxdur. Gözdən əlil seçicilərin səs vermək üçün məntəqəyə gəlməsinə, səsvermə kabinetinə daxil olmasına digər seçicilər kömək edə bilər. Lakin Brayl əlifbası ilə hazırlanmış bülleteni aldıqdan sonra onlar rahat şəkildə öz hüquqlarından istifadə edə bilərlər”.

Xəbər lenti