Xəzər Xəbər

Bakı və Moskva arasında dəyirmi masa keçirilir

Gündəm | 15:50 • 24 Yanvar 2020
Bakı və Moskva arasında dəyirmi masa keçirilir

Bu gün "Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfransı çərçivəsində "Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsası” mövzusunda dəyirmi masa keçirilib.

XəzərXəbər xəbər verir ki, Azərbaycan ilə Rusiya arasında əlaqələrin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçirilən tədbirdə hər iki ölkənin hökumət rəsmiləri, nazirlər, tanınmış rəhbər şəxslər və iş adamları, mədəniyyət, təhsil və elm xadimləri, o cümlədən KİV nümayəndələri iştirak edib.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, Bakı prosesi öz işini davam etdirir və müxtəlif beynəlxalq layihələrin gerçəkləşdirilməsinə təkan verir: "Bugünkü dialoq forumu Azərbaycanda bu il keçiriləcək Humanitar Foruma hazırlıq məqsədilə və ümumiyyətlə, Bakı Prosesinin istiqamətlərinin müxtəlifliyini təmin etmək və çox regional yaradıcı insanlara daha yaxın olmaq üçün həyata keçirilir. İlk dəfə olaraq Bakı-Moskva arasında mədəniyyətlərarası dialoq mövzusuna həsr olunmuş böyük bir toplantı təşkil olunub. Bu münasibətlə Rusiya Federasiyasından 150-yə yaxın çox nüfuzlu nümayəndə heyəti gəlib. Onlar arasında nazirlər, hökümət üzvləri, alimlər, incəsənət xadimləri və.s var. Toplantı Azərbaycan və Rusiya münasibətlərinin genişləndirilməsinə həsr olunacaq və Humanitar Forum çərçivəsində müzakirə olunacaq mövzuların bünövrəsini qoyacaq. Çox maraqlı proqram tərtib olunub və artıq nümayəndə heyətləri arasında fikir mübadiləsi baş tutub. Odur ki, "Mədəniyyətlərin dialoqu" forumundan müxtəlif sahələrin inkişafına doğru çox dəyərli töhfə gözləyirik".

TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman qeyd edib ki, Rusiya və Azərbaycan arasındakı münasibətlərin hərarəti dövlət başçılarının dostluq və əməkdaşlığına əsaslanır.: "Xoşbəxtəm ki, Bakı-Moskva Dialoq Forumu yubileyimə təsadüf etdi. Bu forumun keçirilməsinə dəstək verdiyi üçün Azərbaycanın dövlət başçısı İlham Əliyevə və birinci-vitse prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Rusiyadan böyük bir nümayəndə heyəti ilə gəlmişik, burada çox nüfuzlu insanlar iştirak edir.

Xoşbəxtəm ki, Bakıda bir sutka olmağımıza baxmayaraq, artıq hər kəsin şəhərlə bağlı müsbət təəssüratları formalaşıb. Əminəm ki, biz Bakını xoş emosiyalar və yüksək əhval-ruhiyyədə tərk edəcəyik. Söhbət təkcə Azərbaycanın qonaqpərvərliyindən getmir, həm də əhatə olunduğumuz dostluq və sevgi diqqətəlayiqdir. Azərbaycan və Rusiyanı bir-birinə tarixi köklər bağlayır. Bu gün biz Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdik. Heydər Əliyevin Azərbaycan və Rusiya mədəniyyətlərarası münasibətlərinə necə önəm verdiyini hamımız xatırlayırıq. Bugünkü forum onun qoyduğu ənənənin davamıdır".

Qeyd edək ki, "Moskva-Bakı - Mədəniyyətlərin Dialoqu” adlı konfrans çərçivəsində "Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsası” mövzusunda dəyirmi masa, TASS İnformasiya Agentliyi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Rusiyada və Rusiyanın Azərbaycanda yaşayan görkəmli şəxslərinin fotosərgisi, TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın "Hakimiyyət formulu” və "Həyat formulu” adlı kitablarının təqdimatı və digər mədəni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Xəbər lenti