Xəzər Xəbər

MSK-nın iclası: Qurumun nəzdində ekspert qrupu yaradıldı - Yeni

Gündəm | 14:40 • 7 Dekabr 2019
MSK-nın iclası:

Mərkəzi Seçki Komissiyasının iclasında daha sonra "Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması” məsələsi müzakirə olunub.

XəzərXəbər xəbər verir ki, bu məsələ barədə də MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

O qeyd edib ki, səsvermə gününə ən azı 60 gün qalmış MSK və dairə seçki komissiyalarının nəzdində ekspert qrupları yaradılmalıdır. Belə ki, Seçki Məcəlləsində MSK-nın nəzdində 9, dairə seçki komissiyaları nəzdində isə 3 nəfərdən ibarət ekspert qrupları yaradılması öz əksini tapıb.

Müzakirədən sonra MSK nəzdində və DSK-larda ekspert qrupu yaradılmasına dair qərar qəbul olunub.

***

Mərkəzi Seçki Komisiyasının (MSK) iclası keçirilir.

İclası MSK sədri Məzahir Pənahov açıb.

O, ilk olaraq V çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezident İlham Əliyevin dekabrın 5-də imzaladığı sərəncamını oxuyub.

MSK sədri bildrib ki, Seçki Məcəlləsinin tələbinə əsasən MSK seçkinin keçirilməsinə dair müvafiq tədbirlər həyata keçirməldir: "Bu məqsədlə də bu gün Mərkəzi Seçki Komissiyasının iclası çağırılıb”.

İclasda ilk olaraq "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə edilib.

Məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib. O qeyd edib ki, Təqvim Planında seçkilərin keçirilməsinə dair tədbirlərin – namizədlərin qeydiyyatı, təbliğat-təşviqat kampaniyasının aparılma müddəti, müşahidəçilərin qeydiyyatı və sair məsələlər müəyyənləşdirilib.

Onun sözlərinə görə, MSK seçki günü ərzində 5 dəfə seçici fəallığına dair məlumat açıqlayacaq.

Müzakirələrdən sonra "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib.

İclas davam edir.

Xəbər lenti