Xəzər Xəbər

DYP-dən yüngül qəzaya düşən maşınlarla bağlı çağırış

Gündəm | 15:52 • 4 Dekabr 2019
DYP-dən yüngül qəzaya düşən maşınlarla bağlı çağırış

Demək olar ki, hər gün paytaxt yollarında qeydə alınan kiçik yol nəqliyyat hadisələri zamanı sürücülərin sığorta şirkətlərinin tələblərini yerinə yetirməsi səbəbindən avtomobillərini hadisə yerindən kənarlaşdırmamısının tez-tez şahidi oluruq. Belə olan halda da qəzaya düşən avtomobilin digər sürücülərin hərəkətinə mane olduğunu və yollarda ciddi tıxac yaratmasını müşahidə edirik.

Bəs görəsən yüngül qəzalar zamanı sürücülər yollarda hərəkətə mane olmamaq üçün nə etməlidir və həqiqətənmi sığorta şirkətləri qəza zamanı hadisə yerindən kənarlaşdırılan avtomobillərə dəyən ziyanı qarşılamaqdan boyun qaçırır?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, yüngül qəza zamanı sürücülər süni tıxac yaranmaması üçün avtomobillərinin və hadisə yerinin fotosunu çəkərək, ərazidən avtomobillərini kənarlaşdırmalıdır:

"Yüngül qəzalar zamanı avtomobillər hadisə yerindən kənara çəkilməyəndə ərazidə böyük problemlər yaradır. Bu səbəbdən, əvvəla, sürücülər sükan arxasına diqqətli olmalı və qanunların tələblərini düzgün yerinə yetirməlidirlər ki, qəza olmasın. Əgər hər hansı hadisə baş veribsə, yollarda süni tıxacların yaranmaması üçün tövsiyə edirik ki, hər iki sürücü dərhal, gecikmədən və mübahisəyə yol vermədən hadisə yerini və avtomobilə dəymiş ziyanı aydın göstərəcək bir neçə nöqtədən foto çəksin və sonra hadisə yerindən avtomobilləri kənarlaşdırsınlar. Bundan sonra isə sürücülər hadisə ilə bağlı sığorta şirkətinə məlumat verməlidir və sığortadan gələn nümayəndə yol polisi tərəfindən verilmiş arayış əsasında müvafiq qərar qəbul etməlidir.

Bu gün müasir dövrdür və hər bir sürücünün də foto və video çəkən mobil telefonu var. Süni tıxacın yaranmaması üçün sürücülərə bunu tövsiyə edirik”.

V.Əsədov onu da qeyd edib ki, yüngül qəza zamanı sürücülər fotolar çəkəndən sonra avtomobillərini hadisə yerindən kənarlaşdırarsa, DYP sığorta şirkəti tərəfindən dəyən ziyanın ödənilməsi üçün lazım olan məlumatları onlara təqdim edəcək:

"Sürücülər elə hesab edir ki, avtomobilin hadisə yerindən uzaqlaşdırılması sığorta şirkətləri tərəfindən narazılığa səbəb ola bilər və bu, tələblərin pozulması kimi qiymətləndirilər. Sürücülər bundan narahat olmasınlar. Çünki yol polisi protokol, izahat, hadisə yerinin sxemi və toplanmış sənədlərin surətini sığorta şirkətinin sorğusu əsasında onlara təqdim edir. Ümid edirəm ki, yüngül qəzalar zamanı süni tıxacın yaranmaması üçün sığorta sahəsində çalışan əməkdaşlar da bizim bu çağırışımızın əleyhinə getməzlər”.

Sığorta eksperti Xəyal Məmmədxanlı isə bu məsələ ilə bağlı qanunlar arasında ziddiyyət olduğu üçün problemin həll edilmədiyini bildirib:

"Sığorta şirkətləri bu qaydalara o zaman dəyişiklik edəcəklər ki, sürücülər öz hüquq və vəzifələrini biləcəklər və eyni zamanda, DYP-nin məsələni düzgün qiymətləndirəcəyindən əmin olacaqlar. Məsələn, qanun deyir ki, zərər 1000 manata qədərdirsə, hər iki tərəfin icbari sığortası varsa, bədən xəsarəti alan və təqsirin kimdə olmasına dair mübahisə yoxdursa, sürücülər özləri yerində protokol (avro protokol) tərtib edərək, sığorta şirkətinə verə bilərlər. Bunun üçün sığorta şirkətinin gəlməsinə və ya Forma-4-ə ehtiyac yoxdur. Lakin sürücülər bunu edirmi? Etmir. Sığorta şirkətləri sonradan hadisənin təfərrüatını müəyyən etməkdə çətinlik çəkir. Təbii ki, bu, o demək deyil ki, sığorta şirkətləri bu tələblərində hər zaman haqlıdırlar. Onların lüzumsuz yerə sürücüləri gözlətdikləri və ya imtina etdikləri hallar da az deyil. Problem odur ki, bu məsələ ilə bağlı iki qanun arasında ziddiyyət var: "Yol Hərəkəti haqqında” Qanunla Mülki Məcəllə. Birinci deyir ki, sürücü yolun hərəkət hissəsini boşaltmalı və digər nəqliyyat iştirakçılarına mane olmamalıdır. Mülki Məcəllə isə deyir ki, sığortalı sığorta predmetini qəzadan dərhal sonrakı vəziyyətdə sığorta şirkətinə təqdim etməlidir və yerini dəyişdirməməlidir.

Bu məsələdə mən qəza zamanı sürücülərin DYP-yə məlumat verməsinin və sığorta şirkətinə hadisənin necə və harada olduğu barədə məlumat verərək, maşınlarını kənara çəkməsinin tərəfdarıyam”.

Məsələ ilə bağlı danışan yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, "Yol Hərəkəti haqqında” Qanuna cüzi dəyişiklik edilməklə bu problem aradan qaldırıla bilər:

"Yol Hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin 5-ci bəndi sürücülərin qəza yerində saatlarla dayanıb tıxac yaradaraq sığorta və polis gözləməməsinə imkan verir. Lakin həmin qanunda yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün DYP-ə gəlməlidirlər.
Deməli, yüngül qəzalar baş verdikdə hadisə yerində dayanmaq vacib deyil. Amma sxem məsələsi sürücüləri çaş-baş salır. Axı hər bir sürücü sxem çəkməyi bacarmır. Bu səbəbdən sxem sözünü qanundan çıxarmaq və ya qanuna "qəzanın foto və videosunu çəkərək yol polisi orqanına gəlmək” sözləri əlavə edilməlidir. Nəzərə almaq lazımdır ki, yol polisi hadisə yerinə gəldikdə heç bir sxem tərtib etmir, o da ya foto-video çəkir, ya da sürücülərin hər ikisinin sənədlərini alaraq "filan otağa yaxınlaşarsız” deyib gedir. Sığorta əməkdaşlarına gəldikdə isə elə onların da işi hadisə yerinə gələrək müəyyən qeydlər aparmaq və qəzaya düşən maşınların şəkillərini çəkməkdən ibarətdir. Elə isə foto və ya videonu elə sürücülər onlara təqdim edə bilər. Təbii ki, sürücülər arasında mübahisə olmamalıdır. Olarsa, yenə də hadisənin foto və videosunu çəkərək maşınları yolun hərəkət hissəsindən kənarlaşdırmaq lazımdır.

Odur ki, qanunları bir daha gözdən keçirib, insanların rahatlığı, yol təhlükəsizliyi üçün vacib yeniliklər edilməlidir”.

Xəbər lenti