Xəzər Xəbər

Leyla Abdullayeva: Ermənistanın baş nazirini anlamaq çox çətindir

Gündəm | 13:21 • 30 Noyabr 2019
Leyla Abdullayeva: Ermənistanın baş nazirini anlamaq çox çətindir

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin milli təhlükəsizlik strategiyası üzrə iclasda çıxışı zamanı Ermənistanın strateji maraqlarına uyğun olaraq münaqişənin həlli prosesində öz mövqeyini təqdim etməyə nail olması ilə bağlı səsləndirdiyi fikrinə münasibət bildirib.


Xezerxeber.az xəbər verir ki, Leyla Abdullayeva bununla bağlı açıqlamasında deyib: "Həmişəki kimi, Ermənistanın baş nazirini anlamaq çox çətindir. Əlbəttə, baş nazir N.Paşinyanın bu fikirlərinin daxili auditoriyaya yönəldiyi heç bir şübhə doğurmur. Maraqlıdır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir irəliləyişin əldə edilmədiyi və beləliklə də gərginliyin hər an artması riskinin mövcud olduğu bir halda N.Paşinyan hansı strategiyadan danışır? Əgər Ermənistanın strateji maraqları münaqişənin həlli prosesinə zərbə vurmaqdırsa, o zaman Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan etməlidir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla, beynəlxalq ictimaiyyət müvafiq nəticə çıxarsın. Ermənistan hökumətinin rəhbərinin nə dediyindən asılı olmayaraq, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qətnamələrində, digər təşkilatların çoxsaylı qərarlarında, eləcə də Minsk qrupunun həmsədrlərinin bəyanatlarında aydın şəkildə əks olunan mövqe ondan ibarətdir ki, Azərbaycanın işğal edilmiş əraziləri boşaldılmalı, azərbaycanlı məcburi köçkünlər isə öz evlərinə qayıtmalıdırlar”.

Xəbər lenti