Xəzər Xəbər

Muxtar respublikada ekoloji tədbirlər davam etdirilir

Gündəm | 18:27 • 27 Noyabr 2019
Muxtar respublikada ekoloji tədbirlər davam etdirilir

Muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadənin tənzimlənməsi, flora və fauna ehtiyatlarının qorunması, ətraf mühit komponentlərinə təsirlərin azaldılması və nəzarətdə saxlanılması məqsədilə oktyabr ayında da tədbirlər davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi hallarına qarşı mübarizə aparılması məqsədilə 11 yoxlama-reyd keçirilib, 2 inzibati xəta qeydə alınıb və qanunauyğun tədbirlər görülüb. Şahbuz rayonunun Kolanı, Ordubad rayonunun Sabir Dizə kəndində ekoloji hüquqi maarifləndirmə tədbirləri keçirilib, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsi yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları haqqında müzakirələr aparılıb.

Ötən ay Naxçıvan şəhəri, Kəngərli, Şahbuz, Culfa və Şərur rayonlarının 20-dən çox yaşayış məntəqəsi ərazisindəki mövcud sututarlarda monitorinqlər, Araz və Arpaçayın muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayon ərazisindən keçən "Şir arxından” su nümunələri götürülərək analizlər aparılıb. Həmçinin yeni toxmacarlıq sahələrinin yaradılması üçün nəzərdə tutulmuş təpəliklərdə, orta dağlıq və dağlıq ərazilərdə toxumla əkin işləri davam etdirilib, 30 hektardan artıq sahədə həmərsin, ardıc, yemişan, badamça toxumları əkilib. Toxum tədarükü məqsədilə 3 min kiloqramdan çox ərik, alma, alça, badam, cəviz toxumu yığılaraq anbarlaşdırılıb. Xüsusi mühafizə olunan təbiət ərazilərindən qoruq, milli park və yasaqlıqlarda mühafizə tədbirlərinə diqqət artırılıb, muzey eksponatları zənginləşdirilib.

Bitki və heyvanat aləminin qış aylarında qorunması üçün tədbirlər görülüb, heyvanların qaba yemə olan tələbatının qismən ödənilməsi məqsədilə 1000 kipdən artıq qaba yem, 1700 kiloqram daşduz tədarük edilib.

Xəbər lenti