Xəzər Xəbər

Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya səfəri iki ölkənin tərəfdaşlığının daha bir yol xəritəsinin əsası qoydu

Gündəm | 14:58 • 25 Noyabr 2019
Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya səfəri iki ölkənin tərəfdaşlığının daha bir yol xəritəsinin əsası qoydu

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri ilə Azərbaycan-Rusiya tərəfdaşlığının daha bir yol xəritəsinin – innovasiyalar və elmi texnologiyalar sahəsində əməkdaşlığın əsası qoyuldu. Yeni yol xəritəsinin layihəsi dekabr ayında Bakıda keçiriləcək Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının mövzularından biri olacaq. Bu mühüm sənədin gələn il imzalanacağı gözlənilir. Rusiyada həyata keçirilən "Skolkovo” İnnovasiya Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Moskva Hökumətinin "Elmi-texniki vadi” və digər layihələrin təcrübəsindən Azərbaycanda uğurla istifadə edilə bilər.


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsini əks etdirdi. Rusiya Prezidenti Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevaya "Dostluq” ordenini təqdim edərək, onun dövlətlərarası əlaqələrin inkişafı üçün gördüyü işləri yüksək qiymətləndirdi.


Birinci vitse-prezident Mehriban Əliyeva səfəri çərçivəsində Rusiya Hökumətinin sədri Dmitri Medvedev, Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdü, İrina Viner-Usmanovanın rəhbərlik etdiyi Gimnastika Mərkəzi, 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienalisini ziyarət etdi, Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan "Azərbaycan” pavilyonunun açılış mərasimində və X Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak etdi.


Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya rəsmi səfərinin iqtisadi sahədə yekunları sırasında Azərbaycan-Rusiya tərəfdaşlığının daha bir yol xəritəsini – innovasiyalar və elmi texnologiyalar sahəsində əməkdaşlığı xüsusi qeyd etmək olar. 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə ötən il imzalanmış plana ümumilikdə 5 yol xəritəsi daxildir. Bu əməkdaşlıq istiqamətləri ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılması, nəqliyyat potensialının inkişafı, birgə müəssisələrin yaradılması, rəqəmsal texnologiyaların tətbiqi, büdcə-vergi sektorunda təcrübə mübadiləsi və humanitar əlaqələrin inkişafına yönəldilib. Beş yol xəritəsinin daxil olduğu plan artıq öz nəticələrini verməyə başlayıb. Məsələn, 2018-ci ildə ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə artım 26 faizə çatıb. Ötən il qarşılıqlı əmtəə dövriyyəsi təxminən 14 faiz artıb və təqribən 2,5 milyard dollar təşkil edib. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard ABŞ dollarına çatıb. Eyni zamanda, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə yatırıb. Azərbaycan bazarında 700-ə yaxın birgə müəssisə fəaliyyət göstərir.


Hazırda maşınqayırma və avadanlıq istehsalı, kimya sənayesi, əczaçılıq, nəqliyyat kimi sahələrdə Azərbaycan-Rusiya birgə layihələri, o cümlədən "SOCAR Polymer” zavodu, "P-farm” əczaçılıq preparatları zavodu, Hacıqabul Sənaye Məhəlləsində "QAZ” markalı avtomobillərin yığılması üzrə zavodun inşası, "Azərikimya” müəssisələrinin modernləşdirilməsi, Gəncə avtomobil zavodunda "KamAz” Səhmdar Cəmiyyətinin və "Ural” avtomobil zavodunun yük avtomobillərinin istehsalı və yığılması kimi layihələr həyata keçirilir. Azərbaycan, Rusiya və İran arasında "Şimal-Cənub” enerji dəhlizinin yaradılması üzrə iş aparılır.


Noyabrın 22-23-də Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumunda kənd təsərrüfatı sahəsində də əlaqələrin genişləndirilməsinin vacibliyindən söhbət açılıb. Bu ilin dekabrında Bakıda kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətə dair kompleks proqramın imzalanacağı, "Sahələrdən piştaxtaya” adlanan proqram çərçivəsində iki ölkənin toxum materialları istehsalından tutmuş kənd təsərrüfatı texnikası, logistika və ticarət şəbəkələrinin qarşılıqlı fəaliyyətinədək müxtəlif sahələrdə əməkdaşlığının nəzərdə tutulduğu bildirilib.


Forumda çıxış edən Rostov vilayətinin qubernatoru Vasili Qolubyev Rostov ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin 2017-ci illə müqayisədə 9,4 faiz artaraq 47 milyon dollara çatdığını qeyd edib. Onun sözlərinə görə, bu ilin sonunadək "Donskoy ekskavator” şirkəti Azərbaycana kənd təsərrüfatı texnikasının ixracına dair müqavilə imzalamağı planlaşdırır. Qubernator Rostovun "Voterfoll” müəssisəsi ilə Azərbaycanın "SOCAR Polymer” zavodu arasında əlaqələri yüksək texnologiyalar sahəsində əməkdaşlıq istiqamətində mühüm addım adlandırıb. Ekspertlərin hesablamalarına görə, bu layihənin ixrac həcmi 1,5 milyard rubldan artıq olacaq. V.Qolubyev gələn il Rostov vilayəti nümayəndə heyətinin Azərbaycana səfərinin planlaşdırıldığını və mühüm sənədlərin imzalanacağını da qeyd edib. Qubernator, həmçinin gələn ilin may ayında Azərbaycan rəhbərliyini 416-cı Azərbaycan atıcı diviziyasının şərəfinə ucaldılmış "Sambek yüksəkliyi” xatirə kompleksində muzey kompleksinin açılışına dəvət edib. O xatırladıb ki, 1980-ci ildə abidənin açılışında ümummilli lider Heydər Əliyev iştirak etmişdi.


Rusiya Federasiyasının Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev forum çərçivəsində jurnalistlərə müsahibəsində bildirib ki, Dağıstan kənd təsərrüfatı sahəsində Azərbaycanın təcrübəsini öyrənir. Belə ki, Azərbaycanda kənd sahibkarları üçün çox əlverişli güzəştli şərait yaradılıb, vergilər azaldılıb. Dağıstan bu təcrübəni tətbiq etməyi planlaşdırır. V.Vasilyev, həmçinin Mahaçqala-Bakı sürət qatarının, Mahaçqala ilə İran arasında aviareysin açılacağını da diqqətə çatdırıb.


Forum çərçivəsində təşkil olunmuş "Sənaye sahəsində əməkdaşlıq”, "Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri”, "Turizm sahəsində əməkdaşlığın inkişafı”, "Humanitar sahədə əməkdaşlıq” mövzularında dəyirmi masalarda tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. (AZƏRTAC)

Xəbər lenti