Xəzər Xəbər

Fərid Şəfiyev: Ankara səfərində faydalı nəticələr əldə olundu

Gündəm | 14:36 • 24 Noyabr 2019
Fərid Şəfiyev: Ankara səfərində faydalı nəticələr əldə olundu

Türkiyənin paytaxtı Ankarada dörd günlük səfərimiz olduqca faydalı və perspektivli şəkildə başa çatdı. Səfər çərçivəsində keçirdiyimiz ikitərəfli görüşlərdə və iştirak etdiyimiz mərasimlərdə məram və məqsədlərimizi, fəaliyyət proqramlarımızı, planlarımızı bölüşmək fürsəti qazandıq.


Bu sözləri AZƏRTAC-a açıqlamasında Ankaraya səfər edən nümayəndə heyətimizin rəhbəri, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev ifadə edib. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz qədər Türkiyə üçün də böyük bir problem olduğunu, həmçinin Ankara səfərinin faydalı nəticələrlə başa çatdığını vurğulayan mərkəzin sədri deyib: "İştirak etdiyimiz bütün tədbirlərdə və görüşlərdə ilk növbədə Dağlıq Qarabağ münaqişəsindən bəhs etmişik. Bu problemlə bağlı Türkiyənin düşüncə mərkəzləri ilə əməkdaşlıq etmək bizim üçün çox vacib və faydalıdır. Eyni zamanda, diqqətə çatdırdıq ki, Türkiyəni əhatə edən coğrafiya ilə bağlı, həmçinin Suriya böhranı məsələsində biz də tərəfimizdən faydalı araşdırmalar təqdim etməyə hazırıq.”


Qeyd edək ki, sözügedən səfər çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyində brifinq keçirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, həmçinin Ankara və Hacı Vəli Bayram Universitetlərində, eləcə də Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzində təşkil olunan tədbirlərdə çıxışları olub. Bundan başqa nümayəndə heyəti bir sıra faydakı ikitərəfli görüşlər keçirib.

Xəbər lenti