Xəzər Xəbər

Prezident İlham Əliyev fərman imzaladı

Gündəm | 18:25 • 12 Noyabr 2019
Prezident İlham Əliyev fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

XəzərXəbər fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, № 12, maddə 2568) ilə təsdiq edilmiş "Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.13-cü yarımbənd əlavə edilsin:

"2.1.13. növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi.”.

1.2. 3-cü hissənin adından "üsulu” sözü çıxarılsın;

1.3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

"4. İcmal büdcə xərclərinin hesablanmış yuxarı həddinə tətbiq olunan məhdudiyyətlər

4.1. İcmal büdcə xərclərinin bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq hesablanmış yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilmiş məbləğinin 103 faizindən çox olduqda, icmal büdcə xərclərinin yuxarı həddi aşağıdakı düsturla hesablanır:

Düstur 5:

İX = İXct * (1 + İpn%)*(1 + 3%)

burada:

İXct – cari ilin təsdiq olunmuş icmal büdcə xərcləri;

İpn – növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi.

4.2. Bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq növbəti il üçün hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi bu Qaydanın 4.1-ci bəndinə uyğun hesablanmış həddən az olduqda, bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq hesablanmış məbləğ icmal büdcə xərclərinin yuxarı həddi kimi qəbul edilir.

4.3. İcmal büdcə xərclərinin hesablanmış yuxarı həddi əsasında növbəti büdcə ili üçün proqnozlaşdırılan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti növbəti büdcə ili üçün hədəflənən göstəricidən çox olduqda, icmal büdcə xərclərinin yuxarı həddi növbəti il üçün hədəflənən nisbət göstəricisinə uyğun həddə azaldılır.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2019-cu il oktyabrın 1-dən tətbiq edilir.

Xəbər lenti