Xəzər Xəbər

DYP və ETSN bu avtomobillərə qarşı reydlərə başladı

Gündəm | 11:17 • 1 Avqust 2019
DYP və ETSN bu avtomobillərə qarşı reydlərə başladı

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə bu gündən respublika ərazisində "Təmiz hava” aylığının keçirilməsinə başlanılır.

XəzərXəbər-in məlumatına görə, "Təmiz hava” aylığı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən keçirilir.

"Təmiz hava” aylığının keçirilməsinə səbəb son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu nəqliyyat vasitələrinin istismarının atmosfer havasını çirkləndirməklə insanların həyat və sağlamlığına mənfi təsir göstərməsidir.

Belə ki, bu gün respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Hesablamalara görə ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sürücülərindən istifadələrində olan avtomobilləri texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.

Qeyd edək ki, "Təmiz hava” aylığı avqustun 31-dək davam edəcək.

Xəbər lenti