Xəzər Xəbər

120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatının zirvə toplantısı Bakıda keçiriləcək

Gündəm | 14:13 • 31 İyul 2019
120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatının zirvə toplantısı

"Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda oktyabrın 25-26-da Bakıda keçiriləcək”.

Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, Zirvə Görüşü müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda təşkil edilən ən mühüm siyasi tədbirlərdən biri olacaq: "Bu, eyni zamanda, 1989-cu ildə keçmiş Yuqoslaviyada keçirilmiş Belqrad sammitindən sonra Avropada təşkil olunacaq ilk Zirvə Görüşü kimi tarixə düşəcək.

Cənab Prezidentin Sərəncamı ilə Zirvə Görüşünün təşkili məqsədilə bu ilin fevralında müvafiq dövlət qurumlarının rəhbərlərindən ibarət Təşkilat Komitəsi yaradılıb. Martda təsdiq edilmiş Tədbirlər Planında Zirvə Görüşünün təşkili ilə bağlı həyata keçiriləcək bütün işlər tam təfsilatı ilə qeyd edilib. Tədbirlər Planı 39 bənddən ibarət müfəssəl bir sənəddir. Bildiyiniz kimi, son illər ölkəmizdə çoxsaylı böyük siyasi, iqtisadi, idman, musiqi tədbirləri keçirilib və əminik ki, aidiyyəti dövlət qurumlarının dəstəyi ilə Zirvə Görüşü sözün əsl mənasında bir "uğur hekayəsi” olacaq. Şübhəsiz ki, Zirvə Görüşü, eləcə də sədrlik həm ölkəmizin əldə etdiyi nailiyyətlərin dünyada daha da tanıtdırılması və təşviq edilməsinə öz töhfəsini verəcək, həm də Azərbaycanın QH-da və ümumən dünyada nüfuzunu, çəkisini daha da artıracaq.

Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının QH-na üzv olması həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinə daha çox dəstək əldə edilməsi işinə öz töhfəsini verib. Təsadüfi deyildir ki, QH-nın yekun sənədlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin və bu kontekstdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi birmənalı şəkildə ifadə olunub”.

Şöbə müdiri qeyd edib ki, Qoşulmama Hərəkatına üzv olduğu qısa müddət ərzində Azərbaycan öz prinsipial, beynəlxalq hüquqa və ədalətə əsaslanan xarici siyasəti ilə hərəkatın üzv ölkələri arasında böyük nüfuz qazanıb: "Məhz bu nüfuz və etimadın məntiqli nəticəsi kimi 2016-cı ildə QH-na üzv ölkələrin dövlət və hökumət başçılarının XVII sammitində növbəti Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycan Respublikasına həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olundu.

Qoşulmama Hərəkatında sədrliyimizin prioritetlərinin hazırlanması prosesi hazırda son mərhələdədir. Detallara varmadan ümumi olaraq qeyd etmək istərdim ki, QH-nın fəaliyyətinin əsaslarını təşkil edən tarixi "Bandunq Prinsipləri”, – o prinsiplər ki, özündə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, başqa ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyətdən və güc tətbiqindən imtina, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların və əməkdaşlığın təşviqi, ədalətə və beynəlxalq öhdəliklərə hörmət kimi prinsipləri ehtiva edir, – tam olaraq Azərbaycan Respublikasının xarici siyasətinin ana xətti ilə uzlaşır. Azərbaycan Respublikasının QH-da sədrliyi zamanı fəaliyyəti, prioritetləri məhz bu təməl prinsiplər üzərində qurulacaq. Məqsədimiz üzv dövlətlərlə birgə QH-nın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa töhfəmizi artırmaq olacaq”.

"Tərkibində 120 ölkəni birləşdirən QH-da sədrlik etmək çox böyük bir siyasi iradə, məsuliyyət, diplomatik güc və imkanlar tələb edir. Ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qarşıdan gələn 3 il ərzində bu məsuliyyəti öz üzərinə götürməyə hazırdır və qadirdir.”, – H. Hacıyev bildirib. (report)

Xəbər lenti