Xəzər Xəbər

Avropa Şurasının komissarı Vəkillər Kollegiyasında olub

Gündəm | 14:15 • 12 İyul 2019
Avropa Şurasının komissarı Vəkillər Kollegiyasında olub

Ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi və bir sıra vəkillərlə görüşüb.


Vəkillər Kollegiyasından xezerxeber.az-a bildiriblər ki, kollegiyanın sədri Anar Bağırov son dövrlər Avropa Şurası ilə Vəkillər Kollegiyası arasında səmərəli əməkdaşlıq münasibətlərinin daim inkişaf etdirildiyini deyib. O, əlaqələrin inkişafının Vəkillər Kollegiyası üçün əhəmiyyətli olduğunu vurğulayıb.


Avropa Şurasının insan hüquqları üzrə komissarı kimi ölkəmizə ilk səfərindən məmnunluğunu bildirən qonaq Vəkillər Kollegiyasında görüşün əhəmiyyətini qeyd edib. O, vəkilliyə qəbul, vəkillərin intizam icraatı, o cümlədən vəkillərin gündəlik fəaliyyətlərində qarşılaşdıqları çətinliklər barədə ətraflı məlumat almaq istəyini bildirib.


Anar Bağırov vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının gedişi və aparılma proseduru, vəkillərin sayının artırılması istiqamətində görülən işlər, eləcə də vəkillərin intizam icraatı, vəkillərin etik davranış qaydalarının Avropa standartları ilə uzlaşması, habelə digər məsələlər, intizam icraatları ilə bağlı statistika barədə məlumat verib.


Görüşdə, həmçinin vəkillərin peşə fəaliyyətləri zamanı qarşılaşdıqları problemlər, onların prosessual hüquq və səlahiyyətləri, vəkil peşəsinin inkişaf perspektivləri, xüsusilə vəkillərin prosessual hüquqlarının genişləndirilməsi, vəkilliyə qəbul prosesinin daha da sadələşdirilməsi və s. məsələlər barədə fikir mübadiləsi aparılıb. Bundan başqa, Azərbaycanın Avropa Şurası tərəfindən həyata keçirilən Hüquqşünasların İnsan Hüquqları üzrə Maarifləndirilməsi Proqramının (HELP) təşviqi üzrə quruma 47 üzv ölkə arasında 10-cu yerdə olması, gələcəkdə HELP platforması üzrə vəkillərin tədrisinin davam etdirilməsinin vacibliyi qeyd olunub.


D.Miyatoviç bu məsələlərlə bağlı müvafiq təşəbbüslərə Avropa Şurası tərəfindən dəstək verilməsinin vacibliyini qeyd edib.


Sonra qonaq görüşdə iştirak edən vəkillərə peşə fəaliyyətləri ilə bağlı suallar verib.


Sualları cavablandıran vəkillər bir sıra məsələlərlə bağlı təkliflər də səsləndiriblər.


Görüşdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, Avropa Şurasının insan hüquqları üzrə komissarının ofisinin təmsilçiləri iştirak ediblər.

Xəbər lenti