Xəzər Xəbər

Nazir: Azərbaycanda minimum əmək haqqı il ərzində 92 faiz artıb

Gündəm | 09:51 • 21 İyun 2019
Nazir: Azərbaycanda minimum əmək haqqı il ərzində 92 faiz artıb

Azərbaycanda minimum əmək haqqının artırılması həm dövlət, həm də özəl sektora ciddi təsir göstərəcək.

Bunu AzTV telekanalında efirə gedən "Günün Nəbzi" verilişində Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev deyib.

"Artım ümumilikdə 950 min nəfərə şamil olub ki, onlardan da 600 min nəfəri dövlət, 350 min nəfəri isə özəl sektorda çalışır. Bunun böyük əhəmiyyəti var, birincisi Azərbaycanda minimum əmək haqqı ilk dəfə olaraq yaşayış minimumundan yüksək olacaq, ikincisi Azərbaycan MDB ölkələri arasında alıcılıq qabiliyyəti üzrə ikinci yeri tutacaq", - deyə nazir bildirib.

Sahil Babayev əlavə edib ki, Azərbaycanda cari il ərzində minimum əmək haqqı ümumilikdə 92 faizdən çox artıb.

"İlin birinci yarısında ölkə üzrə minimum əmək haqqı 130 manatdan 180 manata qaldırılıb, indi isə – ikinci mərhələdə 180 manatdan 250 manata çatdırılıb. Bütövlükdə, büdcədən bu məqsədlər üçün 1,2 - 1,3 milyard manat ayrılacaq", - deyə nazir söyləyib (Report).

Xəbər lenti