Xəzər Xəbər

Sürücülərin nəzərinə – Yol hərəkəti qaydalarında DƏYİŞİKLİK

Gündəm | 13:27 • 5 İyun 2019
Sürücülərin nəzərinə

Yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xəta haqqında Elektron Protokol tərtib edilmək əvəzinə inzibati tənbeh vermə haqqında Elektron Qərar veriləcək.

XəzərXəbər xəbər verir ki, Nazirlər Kabinetinin bununla bağlı "İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında" qərarında müvafiq dəyişiklik edib.

İndiyə qədər barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məlumatlandırıldığı vaxtdan 10 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən protokolla razılaşmadığı hallarda səlahiyyətli orqana vəsatətlə müraciət edə bilərdi. Vəsatət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilərdi. Qeyd olunan müddətdə vəsatət verilmədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şəxsən, poçt və ya internet vasitəsilə şikayət verilə bilərdi.

Elektron Protokol tərtib edilmək əvəzinə inzibati tənbeh vermə haqqında Elektron Qərar verilməsi ilə əlaqədar bu prosedurda da dəyişilik edilib. Beləliklə, bundan sonra barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda, həmin qərardan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə, habelə xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər.

Xəbər lenti