Xəzər Xəbər

ATƏT PA-dan Ermənistana çağırış

Gündəm | 18:04 • 22 Fevral 2019
ATƏT PA-dan Ermənistana çağırış

Fevralın 22-də Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyası işini davam etdirib. Günün birinci yarısında siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclası keçirilib.


AZƏRTAC xəbər verir ki, iclasda dünyanı narahat edən problemlər, beynəlxalq terrorizmə və kibercinayətkarlığa qarşı mübarizə, ATƏT məkanında təhlükəsizlik çağırışları, nüvə silahlarının məhdudlaşdırılması, münaqişə bölgələrində gərginliyin azaldılması mövzularında çıxışlar edilib və müzakirələr aparılıb.


İclas çərçivəsində, həmçinin "Uzanan münaqişələrin həlli: ATƏT-in alət və mexanizmləri” mövzusunda xüsusi debat keçirilib. ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev debatda çıxış edərək əsas diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Qeyd edilib ki, son üç ay ərzində Ermənistan və Azərbaycan arasında yüksək səviyyəli dialoqun yaradılması prosesində bir sıra müsbət siqnallar müşahidə edilir. Bu da, öz növbəsində, müəyyən müsbət nəticələrə gətirə biləcək substantiv danışıqların intensivləşdirilməsi ilə bağlı ehtiyatlı optimizmin yaranması üçün imkan yaradır.


Assambleyanın vitse-prezidenti, həmçinin qeyd edib ki, hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan xalqlarının sülhə hazırlanmasına ehtiyacın olması haqqında bu yaxınlarda yaydıqları bəyanatı da müsbət qarşılayır: "Düşünürəm ki, bu mümkündür. Lakin uzun müddətdir davam edən düşmənçiliyi nəzərə alaraq, digər məsələlərlə yanaşı, münaqişə tərəfləri arasında nəticəli danışıqlar şəraitin və ya etimadın yaradılması üçün bir neçə vacib addım atılmalıdır”.


A.Quliyev diqqətə çatdırıb ki, bunun üçün ən sadə addımlardan başlamaq mümkündür. Məsələn, bir neçə ay əvvəl rəsmi Bakı "hamının-hamıya" prinsipi əsasında Ermənistan və Azərbaycanda olan və Qırmızı Xaç Komitəsində qeydiyyatdan keçən əsir və girovların mübadiləsinə dair təşəbbüslə çıxış edib: "İnanıram ki, bu, daha mürəkkəb məsələlərin həlli yolunda başlanğıc nöqtəsi rolunu oynaya bilər. Ancaq təəssüf ki, Ermənistan bu təklifə və Azərbaycanın xoş məramına hələ də müsbət reaksiya verməyib”.


Bildirilib ki, həm də dərhal Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoquna başlamaq olar. Bu cür əlaqələrin qurulması hər iki icmaya sülh şəraitində birgəyaşayışın zərurətini daha yaxşı anlamağa, eləcə də onların birgə yaşamalı olduğu ərazinin yekun hüquqi statusunun müəyyən edilməsi üçün ən optimal yolu tapmağa yardım edəcəyinə əminlik ifadə olunub: "Ümid edirəm ki, regionumuzda sülhün və təhlükəsizliyin bərqərar olunması naminə Ermənistanın yeni nümayəndə heyəti bu iki aktual və perspektivli təklifi dəstəkləyəcək”.


Deputat deyib ki, qeyd edilən tədbirlər həyata keçiriləcəyi təqdirdə daha çətin və qaçılmaz mərhələyə keçid etmək mümkün ola bilər. Bu addımlar həm də artıq neçə ildir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının, yəni, ABŞ, Rusiya və Fransa prezidentlərinin tələb etdiyi status-kvonun dəyişdirilməsini nəzərdə tutur.


Status-kvonun dəyişdirilməsi isə, öz növbəsində, Dağlıq Qarabağ regionuna aidiyyəti olmayan 7 rayonun Ermənistan tərəfindən tədricən işğalının dayandırılmasını və azad edilməsini nəzərdə tutur: "Bir halda ki, biz bu gün hər iki ölkə xalqlarının sülh prosesinə hazırlanmasından danışırıq, o zaman mən Ermənistanın yeni rəhbərliyini Azərbaycanın işğal edilmiş ərazilərində bütün növ qanunsuz iqtisadi fəaliyyətləri və təbii resursların istifadəsini dayandırmağa çağırmaq istərdim. Bundan əlavə, Ermənistanı qanunsuz hərbi təlimləri, suriyalı qaçqınların işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırılmasını, eləcə də Azərbaycan xalqının mədəni və tarixi abidələrinin dağıdılması və erməniləşdirilməsini dayandırmağa çağırıram”.


Çıxışın sonunda vurğulanıb ki, bütün qeyd edilən məqamlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək, xalqlarımızı dayanıqlı və uzunmüddətli sülhə hazırlamaq üçün ən minimal tələblərdir.

Xəbər lenti