Xəzər Xəbər

Deputatlar 5 gün büdcəni müzakirə edəcəklər

Gündəm | 09:34 • 12 Noyabr 2018
Deputatlar 5 gün büdcəni müzakirə edəcəklər
Sabah Milli Məclisin plenar iclasında Azərbaycanın 2019-cu ilin dövlət büdcə zərfi müzakirəyə çıxarılacaq.


XəzərXəbər xəbər verir ki, "2019-cu il dövlət büdcəsi haqqında”, "2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri,Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları bir neçə plenar iclasda müzakirə olunacaq.

Ümumilikdə layihə ilə bağlı noyabrın 13-14-15-23-30-da parlamentin plenar iclasları keçiriləcək. Büdcə zərfinin 3 oxunuşda qəbul edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyənləşib.

İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri 83 milyon 451 min 400 manat məbləğində proqnozlaşdırılıb.

"Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 3 928 104 000 manat səviyyəsində nəzərdə tutulub.

Qanun layihəsinə əsasən, 2019-cu ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 419 371 590 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 811 687 000 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 110 684 590, qeyri-büdcə sektoru üzrə 1 497 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 65 000 000, sair gəlirlər 6 000 000 manat nəzərdə tutulub.

Xəbər lenti