Sentyabrın 24-də
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş
planı”na uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və
icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin
göstəriciləri, Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə
iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri
müzakirə edilib.
Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin ölkəmizin dinamik inkişafına rəvac verdiyini vurğulayan Baş nazir Novruz Məmmədov,
bu baxımdan gələn ilin dövlət büdcəsinin layihəsinin də əldə olunan
nailiyyətlər zəminində, habelə dünyada gedən qlobal maliyyə-iqtisadi
proseslər nəzərə alınmaqla tərtib edildiyini bildirdi.
O
qeyd etdi ki, layihənin hazırlanmasında dövlət büdcəsinin həmişəki kimi
sosialyönümlü olması, əhalinin maddi rifahının daim yüksəldilməsi əsas
götürülüb, xüsusilə qeyri-neft sektorunun inkişafına dəstək verilməsi,
dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi,
beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması kimi mühüm amillərə
diqqət yetirilib.
Sonra gündəlikdə duran məsələlərə dair
Azərbaycan Respublikası maliyyə nazirinin və Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavininin məruzələri dinlənildi.
Geniş
müzakirələrdən sonra qərara alındı ki, təqdim olunan büdcə layihələri
bəyənilsin və "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının
Qanununa müvafiq olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu
Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.