Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasında müəllimlərin
dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 17 iyul 2018-ci il
tarixdə elan olunmuş müsabiqənin test imtahanları 24 avqust 2018-ci il
tarixdən etibarən keçiriləcək. XəzərXəbər-in
məlumatına görə, müsabiqəyə 165 vakant vəzifə çıxarılıb, həmin
vəzifələrin tutulması üçün 527 nəfər sənəd təqdim edib. Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin
2018-ci il 14 aprel tarixli 61 nömrəli Qərarına əsasən iştirakçıların
dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədilə
onların siyahısı komissiya tərəfindən Azərbaycan Respublikası Dövlət
İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası
Regional Bölməsinə göndərilib.
Yoxlamanın nəticəsində iki
namizədin diplomlarının "Tələbə-Məzun” Dövlət Elektron Məlumat
Sistemində mövcud olmadığı müəyyən edilib. Bununla da, 525 namizəd test
imtahanlarına buraxılıb. Test imtahanında iştirakçılara ixtisas üzrə 40,
metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları
üzrə 15 sual olmaqla, ümumilikdə, 80 sual təqdim ediləcək, sualları
cavablandırmaq üçün 120 dəqiqə vaxt veriləcəkdir. Stimullaşdırıcı
tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının
60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test
tapşırıqlarının 80 faizini (64 bal) düzgün cavablandırmış namizədlər
keçid balını toplamış hesab ediləcək. İmtahanlarda keçid balını yığmaqla
ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaqdır.
Məlumat
üçün bildirək ki, muxtar respublikada ilk dəfə olaraq müəllimlərin işə
qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq
olunmaqla test imtahanları vasitəsilə həyata keçiriləcəkdir.
Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə test
imtahanlarının videoçəkilişi aparılacaqdır. İmtahan bitdikdən dərhal
sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair
arayış təqdim ediləcək. Nəticələr komissiyanın rəsmi internet
səhifəsində (www.dqmk.nmr.az) yerləşdiriləcəkdir. İmtahanlar 12 sentyabr
2018-ci il tarixədək davam edəcəkdir.