Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb.XəzərXəbər xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi,
general-polkovnik Elçin Quliyevin "Azərbaycan" qəzetində dərc olunan
məqaləsində qeyd olunub.
DSX rəisi bildirib ki, son 15 il ərzində Azərbaycan sərhədçiləri
tərəfindən 8797 sərhəd pozucusu, 135 091 nəfər rejim pozucusu, 28 935
nəfər axtarışda olan şəxs saxlanılıb, təxmini dəyəri 126 milyon manat
olan qaçaqmalın, o cümlədən 4 ton 266 kq narkotik vasitələrin dövlət
sərhədindən keçirilməsinin qarşısı alınıb, 331 ton narkotik mənşəli
bitki kolu aşkar olunaraq məhv edilib.
E.Quliyev vurğulayıb ki, bu illər ərzində Dövlət Sərhəd Xidməti
tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin
aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici
xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və
əlaqədə şübhəli bilinən 79 nəfər Azərbaycan, 21 nəfər xarici vətəndaş
aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 88 şəxs
saxlanılıb, 375 nəfərin şəxsiyyəti müəyyən edilib.
Bundan başqa,
qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı
ilə məşğul olan 136 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.