Xəzər Xəbər

Bayıldakı sürüşmə ilə bağlı Nazirlər Kabinetindən VACİB TAPŞIRIQ: 1 ay ərzində...

Gündəm | 12:24 • 23 May 2018
Bayıldakı sürüşmə ilə bağlı Nazirlər Kabinetindən

"Bayıl yamacında baş verən sürüşmə sahəsində geoloji işlər sürətləndirilib. Geoloji araşdırmanın bir ay ərzində yekunlaşması ilə bağlı Nazirlər Kabinetindən tapşırıq verilib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, təsdiq edilmiş plan əsasında aparılan geoloji işlər qısa zamanda yekunlaşacaq:

"Bu ayın sonuna kimi çöl işlərini yekunlaşdırıb, gələn ayın birinci yarısında yekun hesabatı Nazirlər Kabinetinə təqdim edəcəyik. Bundan sonra aidiyyəti qurumlar iş aparıb, ərazidən müvəqqəti olaraq köçürülən ailələrin orada yaşayıb-yaşamayacağı barədə qərar verəcək”.

Ə.Qaralov Bayılın Buxta küçəsində mayın 15-də baş verən sürüşmə ərazisində quraşdırılan mayaklarda mütəmadi monitorinqlər apardıqlarını deyib:

"Bu saata olan məlumata görə, sürüşmə sahəsində aktivlik müşahidə edilmir. Həmin küçədə sovet dövründə tikilmiş binaya bitişik yarımtıkilidə baş vermiş çatda da dəyişiklik qeyd alınmır. Tikilidə 15 sm çat yaranıb, lakin o bina üçün təhlükə yaratmır”.

Ekspedisiya rəisi Şamaxıdakı sürüşmədən də danışıb. O vurğulayıb ki, yerli sakinlər və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müraciəti əsasında rayonun sürüşmə sahələrində monitorinqlər aparılıb:

"Rayondan ümumilikdə "Qaynar xətt” xidmətinə 37 müraciət daxil olub, onların 17-si İcra Başçısının adından edilib. Həmin müraciətlər əsasında əməkdaşlarımız ərazidə olub. Rayonun Muğanlı, Dədəgünəş, Çaylı və digər yaşayış məntəqələrində müşahidələr aparılıb. Lakin sürşümə sahələrində aktivlik qeydə alınmayıb”./publika.az

Xəbər lenti