Ekoloji mühitə ziyan
vurulması, ağaclar və digər yaşıllıqların qanunsuz kəsilməsi, həmçinin
ekoloji tarazlığın pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə, eləcə də
öz qanunazidd əməlləri ilə dövlətin ekoloji sağlamlığın
yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı
tədbirlərə kölgə salan şəxslərə qarşı ən ciddi mübarizə tədbirləri davam
etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, Lerik
Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin
ərazisində yaşköküstə müxtəlif cinsli və diametrli 75 ədəd ağacın
qanunsuz kəsilməsi nəticəsində təbiətə xeyli miqdarda, yəni 6590 manat
məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər
Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Həmin
faktla bağlı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
tərəfindən mayın 18-də Cinayət Məcəlləsinin 259.1-ci (qanunsuz ağac
kəsmə) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması
Lerik rayon Polis Şöbəsinin İstintaq Qrupuna tapşırılıb.
Hazırda
qanunsuz ağac kəsmə faktı ilə bağlı başlanmış cinayət işi üzrə
təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət
məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat
tədbirləri davam etdirilir.
"Bütün fiziki və hüquqi şəxslərə
qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bu
kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş
qaydada ən ciddi cəza tədbirləri görüləcək”, - Baş Prokurorluqdan əlavə olunub.