Ermənistanın bu kimi
qeyri-ciddi və əsassız açıqlamaları ilə beynəlxalq ictimaiyyət
Ermənistanın münaqişənin həlli prosesində destruktiv siyasətinin,
populizm və siyasi avantüra ilə məşğul olduğunun növbəti dəfə şahidi
olur.
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev XəzərXəbər-ə bildirib ki, Ermənistan Respublikası BMT
Nizamnaməsinin 2(4) maddəsini kobud şəkildə pozaraq, Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edib və Azərbaycanın
ərazilərini işğal edib.
Onun sözlərinə görə, ATƏT-in
mart 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk Qrupu
yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə
maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb.
"Avropa
İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini
qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair
məsuliyyətini davamlı şəkildə inkar etməsinə əsaslı formada formada son
qoydu. "Çiraqovlar və digərləri Ermənistana qarşı” işində Avropa
İnsan Hüquqları Məhkəməsi təsbit edib: "Ermənistan Respublikası özünün
hərbi mövcudluğu və hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı
şəkildə ən erkən günlərdən etibarən Dağlıq Qarabağ münaqişəsinə
cəlb olunub”, "onun hərbi dəstəyi sözügedən ərazilərin ələ keçirilməsi
və onlar üzərində nəzarətin davam etdirilməsində həlledici amil olub və
olmaqda davam edir”.
Azərbaycana qarşı başlayan və bu günədək
davam edən təcavüz və ölkəmizin beynəlxalq səviyyədə tanınmış
ərazilərinin hərbi işğalı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
işğal olunmuş ərazilərində mövcudluğu, yüz minlərlə Azərbaycan
vətəndaşının işğal edilmiş ərazilərdən qovulması və bu ərazilərdə
evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verilməməsinə
cavabdeh olan Ermənistan Respublikası baş vermiş və davam edən
beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət daşıyır.
Azərbaycana
qarşı gücdən istifadəyə və Azərbaycan ərazilərinin hərbi işğalına görə
daşıdığı beynəlxalq hüquqi məsuliyyətinə görə münaqişə tərəfi məhz
Ermənistan Respublikasıdır. İşğalçı dövlət olaraq Ermənistanla 25 ildən
artıq dövr ərzində danışıqların aparılması Azərbaycanın ən böyük
güzəştidir".
XİN rəsmisi qeyd edib ki, Ermənistanın əvvəlki
rejimin səhvlərini təkrarlamayaq işğal və etnik təmizləmə siyasətinə son
qoyması və öz qoşunlarını BMT
Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq
Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması ilə regionda davamlı
sülh və təhlükəsizlik təmin oluna bilər: "Ermənistan bu reallığı nə
qədər tez dərk edərsə, bir o qədər tez regionda sülh bərqərar olar".