Xocalı soyqırımının
iyirmi altıncı ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik
Zakir Həsənovun tapşırığına əsəsən Azərbaycan Ordusunda silsilə
tədbirlər keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Xocalı
soyqırımı ilə bağlı "dəyirmi masa”ların, konfrans, toplantı və xüsusi
məşğələlərin, kitab, foto və rəsm sərgisinin təşkili, Həzi Aslanov adına
Mərkəzi, eləcə də Gəncə Qarnizonu Zabitlər evləri kollektivlərinin
iştirakı ilə faciəyə həsr olunan ədəbi-bədii kompozisiya və tamaşaların,
sənədli və bədii filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.
Tədbirlərdə Xocalı
soyqırımı qurbanlarının ailə üzvləri, hadisələrin iştirakçıları ilə
şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı,
müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin
xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.
Bundan əlavə, şəxsi heyət Bakı şəhərinin Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində, eləcə də respublikanın digər şəhər və rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək.
Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan
bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı
təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.