Müasir BTR-82A zirehli transportyorları Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilib.
XəzərXəbər xəbər verir ki, güclü silahı, zirehli müdafiəsi və yüksək manevr
qabiliyyəti olan BTR-82A zirehli transportyoru döyüş meydanında
piyadaların hərəkət imkanlarını və mobilliyini artırmaq, döyüş
fəaliyyətlərini atəşlə təmin etmək, düşmənin müxtəlif silah sistemlərinə
qarşı effektiv mübarizə aparmaq, canlı qüvvəsini və hava
hədəflərini məhv etmək, ekipajın atıcı silahlardan, mina və mərmi
qəlpələrindən, kütləvi qırğın silahlarından qorunması məqsədilə təyin
olunub.
Rusiyanın
"Hərbi Sənaye Kompleksi” müəssisəsi tərəfindən istehsal olunan BTR-82A
zirehli transportyoru öz sələflərini döyüş və texniki xüsusiyyətlərinə
görə praktik olaraq iki dəfədən çox üstələyir. Əvvəlki nəsil zirehli
transportyorlardan fərqli olaraq BTR-82A daha güclü mühərriklə təmin
olunub, zirehi gücləndirilib, kondisioner, beşinci nəsil müasir rabitə
vasitələri ilə təchiz edilib. Zirehli transportyorun məsafədən idarə
olunan döyüş moduluna əsas silah kimi 30 millimetrlik 2A72 avtomat top
və ikinci silah kimi 7.62 millimetrlik PKTM pulemyotu daxildir. Maşının
heyəti 3, desant tutumu 7 nəfər, döyüş ağırlığı 16 tondur. Zirehli
transportyor 300 at gücünə malik mühərriklə təchiz edilib. Böyük atəş
imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik zirehli
transportyorların döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə gecə və
gündüzşəraitində keçirilən məşqlərdə bütün tapşırıqlar uğurla icra
olunub.