Fevralın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində "Alfons Muxa: gözəllik axtarışında” adlı sərgi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.
Muxa
Fondu ilə qarşılıqlı əməkdaşlıq şəraitində təşkil edilən sərginin
açılış mərasimində bu fondun prezidenti, Alfons Muxanın nəvəsi Con Muxa
sərginin bu möhtəşəm binada təşkil olunmasından məmnunluğunu
vurğulayaraq dedi: "Mən sizin gözəl ölkənizə və şəhərinizə səfər
etməkdən məmnunam. Ümidvaram ki, bundan sonra ölkənizə daha çox səfər
edəcəyəm”. Con Muxa qeyd etdi ki, 2018-ci il Çexiya, istərsə də
Azərbaycan üçün mühüm ildir. Belə ki, bu il Çexiya dövlətinin
qurulmasının 100 illiyi qeyd edilir. Eləcə də bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi qeyd olunacaq.
"Siz
sərgidə babamın əsərləri ilə ölkəniz arasında bir sıra bağlantını
duyacaq və müşahidə edəcəksiniz”, - deyən Con Muxa dünya şöhrətli
rəssamın əsərləri sırasında Sibirdə bir qadının əks olunduğunu, həmin
qadının məhz şal ilə təsvir olunduğunu qeyd etdi.
Rəssamın nəvəsi
diqqətə çatdırdı ki, kəşməkəşli vaxtlarda, böhranların hökm sürdüyü
zəmanədə yaşamış babasının yaratdığı əsərlərin əsas məqsədi insanlar
arasında körpülər salmaq, münaqişələrə yol verməmək olub.
Sərginin kuratoru Tomako Sato Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
Alfons Muxanın sənətinə bu cür qayğı ilə yanaşmasını, bu layihənin
gerçəkləşdirilməsində göstərdiyi dəstəyi vurğulayaraq ona dərin
təşəkkürünü bildirdi. O dedi: "Bu sərgidə rəssama məhz dünya şöhrəti
gətirən əsərləri nümayiş etdirilir. O, əsərlərində adi təbii hüdudları
aşaraq, ümumiyyətlə, bəşəriyyətə aid ideyalar arasında bağlantı yaradıb,
ideyaların əsasında duran mənanı öz əsərləri ilə canlandırıb. O,
əsərlərini Çexiya torpağında yaratsa da, ismarıcını bütün dünyaya
ünvanlayırdı”.
Sərgilənən
əsərlərdə rəssam ilə Azərbaycan arasında bağlantı olduğunu diqqətə
çatdıran kurator dedi: "Ötən ilin oktyabr ayında sizin gözəl şəhərinizdə
oldum. Muxanın həndəsi elementlərini, onun çəkdiyi xətləri Azərbaycanın
ən mühüm memarlıq nümunələrində gördüm. Rəssamın yaratdığı əsərlərdə
Azərbaycanın birləşdirici rolunu, xüsusən ölkənizin Şərq ilə Qərbin
qovuşuğunda yerləşməsindən irəli gələn birləşdirici rolunu özündə ehtiva
edən motivlər və nümunələr var. Bu sərgi həm də yeni dialoq formasıdır
ki, bu da Şərq ilə Qərb arasında daha çox yaxınlaşmağa xidmət edəcək”.
Daha
sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə tanınmış rəssam,
illüstrator və dizayner Alfons Muxanın bədii fəlsəfəsinin əsasını təşkil
edən gözəllik mövzusunda əsərləri təqdim edilir.
Sərgidə Alfons Muxanın 80-dən çox əsəri – rəsmləri, fotoları, afişa və plakatları nümayiş olunur.
"Art
Nuvo” (Yeni incəsənət) üslubunun məşhur nümayəndələrindən olan Alfons
Muxa (1860–1939) Cənubi Moraviyada (Çexiya) doğulub, 1890-cı illərin
sonlarında Parisdə teatr və reklam afişaları, dekorativ lövhələrin
dizaynı ilə məşhurlaşıb.
Alfons
Muxa 1894-cü ildə tanınmış aktrisa Sara Bernarın rol aldığı "Jismonda”
tamaşası üçün afişa dizayn edib və bu iş ona uğur gətirib. Altı il Sara
Bernarla səhnə, kostyum, afişa tərtibatı sahəsində əməkdaşlıq edən
rəssam Fransanın "Şampenua” nəşriyyatı ilə eksklüziv müqavilə bağlayıb,
müxtəlif məhsulların etiket və reklamlarının müəllifi, həmçinin
interyer, zərgərlik məmulatları dizayneri, dekorator kimi şöhrət
qazanıb.
1906–1910-cu illərdə ABŞ-da
yaşamış rəssam orada da görkəmli rəssam-tərtibatçı kimi qəbul olunub,
Çikaqo İncəsənət İnstitutunda dərs deyib, Nyu-Yorkda teatrda dekorator
kimi fəaliyyət göstərib.
Alfons Muxa 1910-cu ildə, təxminən 25
illik ayrılıqdan sonra vətəni Çexiyaya dönüb. 17 il ərzində çex və
slavyan tarixlərini əks etdirən 20 rəsmdən ibarət "Slavyan dastanı”
əsərini yaradıb.
Heydər Əliyev
Mərkəzində nümayiş olunan sərgidə rəssamın Parisdə ərsəyə gətirdiyi,
"Art Nuvo” hərəkatına töhfə verən əsərləri, eləcə də Çexiyaya dönəndən
sonrakı yaradıcılığı təqdim olunur.
Ekspozisiyada Alfons Muxanın Sara Bernar üçün hazırladığı və ona şöhrət gətirən "Jismonda” afişası da var.
Sərginin
maraqlı eksponatlarından biri isə rəssamın həyat yoldaşı Mariyanın
(Maruska) kəlağayıda əks olunan fotosudur. Qeyd edək ki, rəssam məşhur
"Səhrada qadın” əsərini həmin şəkil əsasında yaradıb. Rəngli çəkilən
əsərdə əsas diqqət kəlağayıya yönləndirilib və baş örtüyünün naxışları
çox dəqiq təsvir edilib.
Sərgi Heydər Əliyev Mərkəzində mayın 16-dək nümayiş olunacaq.