Xəbər verdiyimiz kimi,
bu gün Azərbaycan prezidenti İlham Əliyev FIFA-nın prezidenti Canni
İnfantinonu və təşkilatın baş katibi Fatma Samouranı qəbul edib.
FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlişindən və dövlət başçısı ilə görüşündən məmnunluğunu bildirib.
O, Bakının
FIFA İcraedici Futbol Sammitinin keçiriləcəyi dünyanın 12 şəhərindən
biri seçilməsinin və ilk sammitin paytaxtımızda keçirilməsinin
əhəmiyyətini qeyd edib.
Prezident İlham Əliyev Bakıda keçiriləcək FIFA İcraedici Futbol Sammitinin önəmini qeyd edib və bu tədbirin çox uğurlu olacağına əminliyini bildirib.
FIFA
prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın Azərbaycana
səfərini mühüm hadisə kimi qiymətləndirən dövlət başçısı azərbaycanlı
futbol azarkeşlərinin bu səfərdən sevinc hissi keçirdiklərini vurğulayıb
və qeyd edib ki, bütün bunlar Azərbaycanın dünya futbol ailəsində
özünəməxsus yerə malik olduğunu göstərir. Ölkəmizdə idmanın inkişafına
toxunan dövlət başçısı bildirib ki, futbol Azərbaycanda prioritet
sahələrdən biridir.
İdmanın bu növünün inkişafı ilə bağlı xüsusi proqramın qəbul edildiyini vurğulayan prezident İlham Əliyev Bakıda,
eləcə də Azərbaycanın digər şəhərlərində müasir tələblərə cavab verən
xeyli sayda stadionun inşa edildiyini və bu gün futbolun inkişafı üçün
ölkəmizdə bütün lazımi infrastrukturun tam şəkildə yaradıldığını qeyd
edib. Ölkəmizdə futbola olan marağın və azarkeşlərin sayının durmadan
artdığını deyən dövlət başçısı bildirib ki, futbol üzrə Azərbaycan milli
komandası və klublar daha yaxşı oyun nümayiş etdirir və bu sahədə daha
çox uğurların və qələbələrin qazanılmasına ümidvarıq. Prezident İlham Əliyev
əminliklə bildirib ki, FIFA prezidenti Canni İnfantinonun və baş katib
Fatma Samouranın ölkəmizə səfəri Azərbaycanın idman sahəsində beynəlxalq
əməkdaşlığı işinə də öz töhfəsini verəcək.