Sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Ümumi müzakirələrin açılışında çıxış edən BMT-nin Baş katibi Antonio
Quttereş hazırda dünyada bir çox problemlərin olduğunu vurğuladı,
ölkələr arasında etibar və etimadın aşağı düşdüyünü bildirdi.
Qaçqınların sayının artması, miqrasiyanın çağırışları, insan alveri,
iqlim dəyişikliyi və digər mövcud qlobal problemlərə toxunan BMT-nin Baş
katibi əminliyini ifadə etdi ki, yalnız birlikdə sülhə nail olmaq və
qarşılıqlı etimadı bərpa etmək mümkündür.
BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav
Layçak dünyada davam edən münaqişələrin ən çox sadə insanlara ziyan
vurduğunu dedi. O, yoxsulluq, iqlim dəyişikliyi, beynəlxalq terrorizmin
çağırışları ilə bağlı fikirlərini bölüşdü, bu problemlərin insanların
həyatına birbaşa təsir etdiyini vurğuladı. Miroslav Layçak qeyd etdi ki,
sülhün təmin edilməsi və müharibələrin qarşısının alınması BMT-nin
fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.
Sonra Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temer müzakirə olunan mövzularla bağlı fikirlərini bölüşdü.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp
BMT-nin fəaliyyətinin daha da səmərəli olmasının vacibliyinə toxundu.
O, vurğuladı ki, dövlətlər xalqların maraqlarını və gələcəyini müdafiə
etməlidir. ABŞ Prezidenti dedi ki, biz birlikdə çalışmalıyıq və təhdidlərə qarşı bir olmalıyıq. Donald Tramp Türkiyə, İordaniya və Livana Suriyadan olan qaçqınları qəbul etdiklərinə görə minnətdarlığını da bildirdi.