Məktəblərdə bir dərs 35, tənəffüs 10 dəqiqə olsun - TƏKLİFLƏR

12.08.2020 17:34

Azərbaycanda kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlərin məktəb binasına müxtəlif qapılardan daxil olmasının təmin edilməsi üçün mövcud olan bütün giriş qapılarından istifadə qaydaları (fərqli siniflər və fərqli otaqlar) müəyyən edilə bilər.

XəzərXəbər xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinə yerli təhsil şöbələrindən təkliflər daxil olub.

Qeyd olunub ki, məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilməli, şagirdlərə dərslik komplektləri xüsusi bağlamalarda verilməli, lazımi elektron avadanlığı olmayan (onlayn dərslər üçün) müəllim və şagirdlər üçün bunlar təmin olunmalıdır:

"Dərs başlayarkən məktəbdə heyət müvafiq qoruyucu vasitələrlə (lazım olduqda xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska, dezinfeksiya vasitələri) təmin olunmalı, bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmasın. Qapıda termometr və dezinfeksiya aparatı qoyulmalı, hər kəs ondan məcburi istifadə etməlidir.

Məktəb həyəti və məktəb daxilində şagirdlərin bir yerə toplaşması qadağan olunmalıdır. Risk qrupu altında olan müəllimlər və digər işçilər işə cəlb edilməməli, onların dərsləri onlayn keçilmə mümkün olmadıqda, əvəzçilik qaydasında digər müəllimlərə həvalə edilməlidir. Mümkün olan hallarda onlayn cədvəllər hazırlanmalıdır. Məktəblərdə davamiyyət məcburi olmasın. Bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə müəyyən edilsin".

Orta məktəblərin I, V, IX sinifləri üçün həftədə üç dəfə, ara siniflər üçün həftədə iki dəfə tədrisi nəzərdə tutan cədvəllər hazırlasın, X və XI siniflərdə tədris tam onlayn qaydada təşkil edilsin.

Təkliflərə əsasən, tədris planlarında dərnəklər və fakültətivlərə saat ayrılmasın. Baza və praktiki fənlər (tədris dili, xarici dil, riyaziyyat, kimya, fizika) əyani, digər fənlər onlayn-məsafədən tədris edilsin (qarışıq tədris modeli). Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilsin və həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilsin. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər.

Qeyd edək ki, koronavirus pandemiyasına görə orta məktəblərdə dərslər martın 3-dən təxirə salınıb, tədris yalnız onlayn qaydada aparılıb.

© xezerxeber.az


565 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR