Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir

11.07.2020 20:00

İyulun 10-da Yerevanda keçirilən təhlükəsizlik şurasının iclasında Ermənistanın milli təhlükəsizlik strategiyasının müzakirəsi zamanı bu ölkənin bölgədə sülh və təhlükəsizliyə birbaşa hədə törədən təcavüzkar siyasəti baş nazir N.Paşinyanın dilindən növbəti dəfə etiraf edildi.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilir.

Açıqlamada deyilir: "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarına qarşı əsassız ərazi iddialarını, beynəlxalq hüququ kobudcasına pozaraq hərbi işğala əsaslanan siyasətini ölkənin milli strategiyasında əks etdirən Ermənistan bölgədə ciddi təhlükə ocağı olaraq qalmaqdadır.

Azərbaycanın ərazilərini işğal edib bu ərazilərdə yaşayan erməni icmasının öz müqəddəratını müəyyən etməsindən danışan və bunu "milli məqsəd” kimi təhlükəsizlik strategiyasında əks etdirən işğalçı Ermənistan beynəlxalq hüququn, o cümlədən 1975-ci il Helsinki Yekun Aktının prinsiplərini yenidən görməməzlikdən gəlir. Xalqların öz müqəddəratını təyin etməsi prinsipinin heç bir halda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasına şamil olunmadığını və ümumiyyətlə, Helsinki Yekun Aktının 8-ci bəndində öz müqəddəratını təyinetmə prinsipinin BMT Nizamnaməsinin, beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsinin təsbit olunduğunu xatırladırıq.

Ermənistan rəhbərliyinin hərbi işğal altında saxladığı Azərbaycan ərazilərində "suverenlik” iddiası, işğalçı siyasətin nəticələrinin qorunub saxlanılmasının münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi kimi müəyyən etməsi bu ölkənin münaqişənin həlli prosesinə ciddi əngəl törətdiyini və beynəlxalq ictimaiyyətin qərar və qətnamələrinə hörmətsizlik nümayiş etdirdiyini açıq şəkildə göstərir.

Ermənistan rəhbərliyi anlamalıdır ki, hazırda apardıqları siyasətə görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar. Bu ölkənin beynəlxalq reallıqlardan uzaq və sadəlövh milli təhlükəsizlik strategiyası iflasa uğrayan daxili siyasəti sakitləşdirmək cəhdindən başqa bir şey deyildir.

Beynəlxalq səviyyədə tanınmış əraziləri, o cümlədən müvəqqəti işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonları da daxil olmaqla ərazi bütövlüyünü və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasını təmin etmək üçün Azərbaycanın cavab tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ölkə Konstitusiyasının ona verdiyi haqqa əsaslanır. Bölgədə artan gərginliyin məsuliyyəti isə bilavasitə işğalçı Ermənistanın üzərindədir”.

© xezerxeber.az


445 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR