Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib

21.02.2020 14:51

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində tədbir keçirilib, "Sonsuz dəhliz” filmi nümayiş olunub.

İcra hakimiyyətinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Səbail rayonu 6 və 189-190 nömrəli orta məktəblərinin və 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinin hazırladıqları sərgi ilə tanış olublar.
Tarixçi alimlər, ziyalılar, paytaxtın ali məktəblərinin tələbələri, gənclər, mədəniyyət işçiləri, könüllülərin iştirakı ilə faciənin ildönümünə həsr olunmuş tədbiri Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov açaraq Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə məlumat verib. Bildirilib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün işlərə başlanıb.

O, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun şöbə müdiri, professor Kərim Şükürov, Dövlət İdarəçilik Akademiyasının müəllimi, professor Həvva Məmmədova, faciənin canlı şahidi Ramin Quliyev və başqaları çıxış edərək Xocalıda ermənilərin törətdiyi vəhşiliklərdən danışıb, "Sonsuz dəhliz” filminin Xocalı həqiqətlərinin geniş ictimaiyyətə, xüsusilə xarici ölkələrdə yaşayan vətəndaşlara obyektiv çatdırılmasında böyük rolu olacağını vurğulayıblar. Çıxışçılar ölkə rəhbərinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində litvalı kino rejissor Andreas Brokasın çəkdiyi "Sonsuz dəhliz” filmi nümayiş etdirilib.

© xezerxeber.az

FOTOQALERIYA






107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR