Azərbaycanın hansı ərazilərində güclü zəlzələ ola bilər? - ƏRAZİLƏR - PROQNOZ

29.01.2020 15:56

Son günlər dünyanın bir çox ölkələrində güclü zəlzələlər baş verir.

XəzərXəbər xəbər verir ki, ötən gecə də Türkiyə ilə yanaşı Albaniya, Kuba və İraqda yeraltı təkanlar olub.

Nəzərə alsaq ki, son günlər qonşu ölkələrdə təbii hadisələr tez-tez olur və Azərbaycanda da, zəif zəlzələlər qeydə alınır, bu istiqamətdə narahatlıqlar yaranır.

Bu narahatlıqlara son qoymaq üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli ilə əlaqə saxladıq.

Alim BAKU.WS-ə açıqlamasında bildirib ki, dünyanın istənilən nöqtəsində zəlzələ ocaqlarında yeraltı təkanlar baş verib və olacaq.

T.Məmmədli deyir ki, bunu əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

"Ayrı-ayrı seysmik ərazilərdə mütəmadi zəlzələlər olur. Lakin güclü zəlzələnin baş verməsi üçün həmin ocaqda enerjilər toplanır. Zəif zəlzələlər üçün isə çox enerji tələb olunmur”, - deyə T.Məmmədli bildirib.

Alimin sözlərinə görə, elə yerlər var ki, orada 100 illərdir, yeraltı təkanlar qeydə alınmır. Lakin birdən orada güclü zəlzələ olur. Mütəxəssis deyir ki, bu, çox mürəkkəb prosesdir:

"Seysmologiyanın da çətinliyi ondan ibarətdir ki, zaman üzrə heç bir qanunauyğunluq tapmaq mümkün deyil”.

Qeyd edək ki, dünya mətbuatında yeraltı təkanların süni olaraq törədilməsi ilə bağlı iddialar da səslənir.

T.Məmmədli məsələ ilə bağlı açıqlama verərkən bildirib ki, süni zəlzələlər, yaxud kənardan təşkil edilən yeraltı təkanlar hansısa partlayışlar vasitəsilə törədilə bilər.

"İstənilən halda seysmoloqlar kənardan müdaxilə nəticəsində yaradılan yeraltı təkanları təbii zəlzələlərdən ayırd edə bilirlər.

Bunu yeraltı təkanlar olan ölkənin və digər dövlətlərin alimləri elmi əsaslarla müəyyən edib. Süni zəlzələnin yaranmasına burada heç bir göstərici və əlamət yoxdur”.

Azərbaycan üçün zəlzələ təhlükəsi hansı ərazilərdə daha realdır?

T.Məmmədli bildirib ki, ölkəmizdə əsas zəlzələ təhlükəsi olan ərazilər Şamaxı, İsmayıllı, Gəncə, Abşeron yarımadası və Bakıdır:

"Ən təhlükəli zəlzələ ocaqları Böyük Qafqazın, Kiçik Qafqazın Azərbaycan hissələrində və Xəzər dənizindədir. Bundan başqa, digər ərazilərdə orta güclü zəlzələlərin olması mümkündür.

Lakin həmin ocaqlarda yeraltı təkanlar baş verərsə, yalnız həmin ərazilər deyil, digər yaxın ərazilər də titrəyişə məruz qala bilər. Şamaxı və İsmayıllıda zəlzələlər hər zaman olub və gələcəkdə də olma ehtimalı var.

Eyni zamanda, yeraltı təkanlar cənub rayonlarından Yardımlı, Lerik və Masallıda da mütəmadi baş verir. Xəzər dənizində bir neçə ocaq var ki, onlar da güclü seysmik təhlükəyə malikdir.

"Azəriçıraq” yataqlarının yanında kifayət qədər güclü zəlzələ ocaqları var. Bakıdan 50-60 km cənubda və şimalda yerləşən ocaqlar güclü seysmik intensivliyə sahibdir. Bunlar da Bakı üçün təhlükəlidir.

T.Məmmədli diqqətə çatdırıb ki, bu ocaqlar gələcəkdə daha da aktivləşərsə, Bakıda 12 ballıq şkalayla 9 bala qədər çox güclü titrəyiş yarada bilər:

"Şamaxı rayonu ərazisində yerləşən zəlzələ ocaqlarındakı qırılmalar Bakıya təsir edə bilər. Lakin bunun nəticəsində paytaxtda çox zəif zəlzələ ilə müşahidə edilə bilər.

Yəni bu istiqamətdə məsafə çox uzaq olduğu üçün Bakıya 3-4 bal gücündə gəlib çata bilər.

Bakı üçün ən böyük təhlükə mənbəyi Xəzər dənizindən gəlir. Burada güclü ocaq zonaları var. Dənizin Türkmənistan sahili ərazilərində 8 bal gücünə yaxın zəlzələ qeydə alınmışdı.

Bu ocaq Abşeron yarımadasının yuxarısından keçib, Türkmənistan tərəfə gedən Mahaçkala-Türkmənbaşı qırılma zonasına aid bir bölgədə 8-ə yaxın maqnitudada zəlzələ baş verib.

Araşdırmalarımız göstərir ki, Abşerona yaxın yerdə, Bakının 50-60 kilometrliyinin cənubunda, Xəzər dənizində Rixter şkalası ilə 7,5-ə qədər güclü zəlzələ ola bilər.

Bu da Bakı şəhərində 8 bala qədər titrəyiş yarada bilər. Qrunt şəraiti pis olan yerlərdə isə bu, 9 bala qədər ola bilər”.

BAKU.WS

© xezerxeber.az


266 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR