Azərbaycanda növbədənkənar parlament seçkisində iştirak edəcək partiyaların sayı 9-a çatıb

14.12.2019 14:19

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb.

Xezerxeber.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında növbədənkənar parlament seçkisində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması məsələsinə baxılıb.

İclasda Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Xatırladaq ki, bundan əvvəl növbədənkənar parlament seçkisində iştirakla bağlı MSK-ya 3 siyasi partiya müraciət etmişdi.

Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasıdır(VHP).

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki 2020-ci il fevralın 9-na təyin edilib.

© xezerxeber.az


250 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR